Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdindəki Humanitar Kollecin kollektivi “Şuşa İli” çərçivəsində Beyləqan rayonuna səfər edib.

Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərmin Qaralova, müəllim və tələbələrdən ibarət kollektiv əvvəlcə Beyləqan şəhərində Şəhidlər xiyabanına ziyarət ediblər. Kollektiv kollecin keçmiş məzunu, Vətən müharibəsi şəhidi, kəşfiyyatçı kiçik çavuş Hikmət Abbaslının da ailəsinə baş çəkib.

Daha sonra kollec heyətinin Beyləqan rayon Mədəniyyət Mərkəzində “Şuşam” adlı konsert proqramı təqdim olunub. Tədris ocağının müəllimləri – xanəndə, Əməkdar artist Qoçaq Əsgərov, ifaçılar Yaqut Xəlilzadə, Nübar Babayeva, Ədalət Behbudov, İlkin Hüseynov, ikinci Qarabağ müharibəsi qazisi Fərid Atazadə, tələbələr Rübabə Əkbərova, İsmayıl Hüseynov, Məmməd Niftəliyev, Rizvan Tarverdiyev, Arif Abdullayev və başqalarının ifaları maraqla qarşılanıb.

Konsert iştirakçıları kollecin incəsənət şöbəsi, dekorativ-tətbiqi sənət və təsviri incəsənət müəllimliyi ixtisası üzrə tələbələrin əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

Kollektiv səfər gedişində Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzini də ziyarət ediblər.

Sonra kollecin heyəti Füzuli rayonunun Horadiz qəsəbəsindəki Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib. Bura müxtəlif dövrləri əhatə edən məişət əşyaları, hərbi geyim, əşya və silah, əmək alətləri, sənədli materiallar, fotoqrafiya, qəzet və jurnallar, şəhid guşələri ilə tanışlıq olub.

Horadizdəki Muğam Mərkəzində, eləcə də Füzuli Dövlət Dram Teatrında olan qonaqlar muğam konserti və tamaşa izləyiblər.