Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə mayın 19-da Bakıda “Şuşa İli” çərçivəsində Azərbaycan–Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

Forumda açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Azərbaycan–Türkiyə əlaqələrindən və tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, belə əhəmiyyətli forumun Bakıda keçirilməsi vətəndaş cəmiyyətinin inkişafına, bu sahədə əməkdaşlığa təkan verəcək.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıblar. Dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur.

Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin nümayəndə heyətinin rəhbəri Ahmet Türköz, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müşaviri Orxan Qazigil, Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayilov, Milli Məclisin deputatı Nizami Cəfərov və digər çıxış edənlər  “Şuşa İli” çərçivəsində keçirilən forumun iki ölkənin QHT nümayəndələrinin faydalı müzakirəsi kimi əhəmiyyətini vurğulayıblar.

Forumun açılışından sonra keçirilən panellərdə Türkiyə QHT-lərinin təqdimatları keçirilib. Təqdimatlardan sonra iki ölkə QHT-ləri arasında sual-cavab formatında diskussiya aparılıb.

Forumun yekunu olaraq bəyanat qəbul edilib.

Məlumat üçün bildirək ki, bu ilin yanvarında Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında “Birgə fəaliyyət və əməkdaşlıq haqqında anlaşma memorandum”u imzalanıb.