Mayın 23-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində (MİM) “Şuşa İli” münasibətilə “Musiqili “Xəmsə” adlı bilik yarışması keçirilib.

Musiqi ədəbiyyatı fənni üzrə buraxılış sinifləri arasında keçirilən yarışmada 5 komanda birinci yer uğrunda mübarizə aparıb.

Beş raunddan ibarət yarışda tədbirin təşkilatçısı və aparıcısı, məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi, musiqişünas Pərvin Səfərli bəstəkarların yaradıcılığı haqqında maraqlı faktlar, əyləncəli suallar səsləndirib.

MİM-in direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli və məktəbin tədris işləri üzrə direktor müavini Mənsurə Quliyeva komandaların cavablarını dəyərləndiriblər.

Bilik yarışında Rusiyada keçirilən “Var səsi ilə” (“Во весь голос”) beynəlxalq musiqi müsabiqəsinin 2020-ci ildə diplomantı olmuş məktəbin estrada sənəti sinfinin şagirdi Lalə Qafarova gözəl ifası ilə iştirakçıları və tamaşaçıları sevindirib.

Qaliblər diplom və təşəkkürnamə ilə təltif ediliblər.