Xalq tətbiqi sənətinin zəngin ənənələri yaşadılır
Xəbər verdiyimiz kimi, 27 sentyabr - Dünya Turizm Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Ziya art salon»un təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda «Əl sənətkarlığı nümunələri sərgisi» keçirildi.
“Turizm ili” tədbirləri çərçivəsində təşkil olunan sərgidə respublikamızın 10-dək regionundan sənətkarlıq nümunələri nümayiş etdirilirdi. Qız qalası abidəsinin qarşısında qurulan sərgidə milli ornamentlərimizi əks etdirən müxtəlif aksessuarlar, suvenir və milli mətbəx nümunələri təqdim olunurdu. Milli Parkda qurulan böyük monitorda isə Azərbaycan mədəniyyətini və incəsənətini əhatə edən videoçarxlar nümayiş etdirilirdi. Tanınmış fransız aktyoru Jerar Depardyenin də çəkildiyi Azərbaycan mətbəxinə həsr olunmuş reklam çarxı xüsusilə maraqla izlənilirdi.
«Ziya art salon»un direktoru Şəhla Dünyamalıyevanın sözlərinə görə, təşkilatçı olaraq milli mədəniyyət nümunələrini göstərməyə çalışıblar: “Sərgidə Azərbaycanın kənd həyatının təsviri, milli geyimlərimiz, eləcə də Bakı və müxtəlif bölgələrdə fəaliyyət göstərən sənətkarlarımızın əl işləri nümayiş olunur. Sərginin ziyarətçilər tərəfindən maraqla qarşılanacağına ümidvarıq”.
Biz də rəngarəng tərtibatı ilə diqqət çəkən sərgini gəzib iştirakçı və ziyarətçilərin rəylərini öyrəndik.
Rəssamlar İttifaqının üzvü Şəhla Əsgərova sərgidə özünün əl işlərini nümayiş etdirdiyini bildirdi: “Turizm sahəsinin mədəni irslə, el sənətkarlığı ilə mühüm bağlılığı var. Ölkəyə gələn xarici turist özü ilə hədiyyə və yaxud da xatirə olaraq nə isə aparmaq istəyir. Yəqin ki, bizim əl işlərimiz də turistlər üçün maraqlı olacaq. Bununla biz də Azərbaycan turizminə töhfəmizi vermiş olarıq».
Tətbiqi sənət rəssamı Lalə Mustafayeva milli üslubda işlədiyi mütəkkə və mücrüləri ilə yanaşı, rəsm əsərlərini də təqdim edirdi. Belə tədbirlərdə fəal iştirak etdiyini deyən rəssam sərgilərin mütəmadi təşkil olunmasını arzu edir.
Məhbubə Həsənova isə sərgidə Gəncə Dövlət Rəsm Qalereyasını təmsil edirdi. O, qalereyanın fond müdiri, eyni zamanda dekorativ tətbiqi sənət ustasıdır. Nizami Gəncəvinin əsərlərinə həsr etdiyi işlər, Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyasından müxtəlif səhnələrin yer aldığı rəsmlərini təqdim edən rəssamın guşəsində şüşə qablar üzərində bəzək əşyaları maraq doğururdu.
Ziyarətçilərin daha çox diqqət yetirdiyi lövhələrdən biri də naxçıvanlı qılınc ustası Qılınc Məhəmmədə aid idi. Dediyinə görə, sərgidə fərdi olaraq iştirak edir. Bakı Avtomobil Zavodunda işləyən Məhəmməd üçün qılınc hazırlamaq sadəcə hobbi deyil, ciddi məşğuliyyətdir. Bu işlə 40 ilə yaxındır ki, məşğul olur: “Qılınc həmişə qəhrəmanlıq, mübarizə ruhu kimi təqdim olunub. Tarixən xalqlar öz vətənlərini torpaqlarını qılıncla qoruyublar. Mənim fikrimcə, qılınc müqəddəs silahdır”.
Sevinc Davudova Xızı rayonunun Şüşəabad qəsəbəsində mədəniyyət evində işləyir. Sərgidə balıqqulağından düzəltdiyi müxtəlif formalı güldanlar, güllər, sandıqlar, çərçivələrdə işləmələr, Azərbaycanın bayrağı, gerbi və xəritəsinin təsvir olunmuş suvenirləri nümayiş etdirirdi.
Sənətkarlığın vətəni olan Şəkidən sərgidə 8 sahə (şəbəkə, təkəlduz, tikmə və s.) üzrə 14 usta iştirak edirdi. Şəbəkə ustası Hüseyn Hacımustafazadə Şəki Sənətkarlar Evində işləyir. Dediyinə görə, hazırladığı kürə şəklində şəbəkə ilə bu sənətə yenilik gətirib: “Xətti şəbəkələrə ərəb ölkələrində rast gəlinir. Amma indiyə qədər heç bir ölkədə kürə şəkilli şəbəkə hazırlanmayıb. Bunun hazırlanmasında heç bir yapışdırıcıdan istifadə olunmur”.
Bütövlükdə «Əl sənətkarlığı nümunələri sərgisi»ndə nümayiş olunan işlər böyük maraq doğurmaqla yanaşı, ölkəmizdə xalq tətbiqi sənətinin, el sənətkarlığının zəngin ənənələrinin yaşadıldığını bir daha təsdiq etdi.
Fəxriyyə Abdullayeva