Ukraynaya qarşı apardığı müharibə səbəbindən ağır sanksiyalarla üzləşən Rusiya artıq dördüncü aydır dünyanın əksər ölkələrinə bağlı qalan mülki hava məkanını Türkiyə təyyarələrinə verir.

“Türk Hava Yolları” hazırda Rusiyaya intensiv uçuşlar həyata keçirən az sayda aviaşirkətlərdən biridir. Müxtəlif ölkələrə uçmaq istəyən rusiyalıların böyük qismi məhz Türkiyə istiqamətindən və bu ölkənin təyyarələrindən istifadə edirlər. Eyni zamanda, Rusiya xaricə uçacaq hər hansı təyyarəsinin bu və digər hava limanından geri qayıtmamaq (üzərinə həbs qoyula bilər) təhlükəsini ciddiyə alaraq, ümumiyyətlə, arxayın olmadığı ölkələrə uçuş həyata keçirməkdən çəkinir.

Üstəlik, Rusiya tərəfi əksər istiqamətlərdə uçuşlardan məhrum olan yerli aviaşirkətlərin faktiki zərərlə işlədiyini nəzərə alaraq Türkiyə ilə qarşılıqlı reyslərin də böyük hissəsinin “Türk Hava Yolları” və bu ölkənin digər azbüdcəli aviaşirkətləri tərəfindən yerinə yetirməsinə razılaşıb. Məlumatlara görə, iyun ayında Rusiyadan bu ölkəyə və əks istiqamətdə nəzərdə tutulan 600-dən çox reysin təxminən üçdə ikisi Türkiyə təyyarələrinin payına düşəcək. Yay turizm mövsümünün başlaması ilə Rusiyadan Türkiyəyə səfərlərin daha da artacağı gözlənilir.

Xatırladaq ki, fevralın 24-də Ukraynada hərbi əməliyyatlar başlayandan bu yana  “Rosaviasiya” ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 aeroportda uçuşları dayandırıb. Bu səbəbdən Rusiya daxilində uçuşlar da yerli aviaşirkətlər üçün rentabelliyini itirməkdədir.

V.Kamal