Gədəbəydə silsilə tədbirlər keçirilir
   
   Gədəbəydə «Turizm ili» çərçivəsində rayonun turizm potensialının təbliğ edilməsi istiqamətində bir sıra işlər görülür.
   
   Bu barədə qəzetimizə məlumat verən rayonun Mədəniyyət Evinin direktoru Etibar Əliyevin sözlərinə görə, «Gədəbəyin turizm potensialını tanıdaq» adlı silsilə tədbirlər sırasında sentyabrın 27-də rayonun təbii gözəlliklərinə, tarix-mədəni irsinə həsr olunmuş fotosərgi keçirilib.
   Sentyabrın 30-da isə İqtisadi İnkişaf Nazirliyinin, Gədəbəy Rayon İcra Hakimiyyətinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə «Gədəbəy rayonunda turizmin inkişaf perspektivləri» mövzusunda seminar keçirilib. Seminarda Azərbaycan Dövlət Aqrar Universitetinin, Gədəbəy rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları, həmçinin turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
   Tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin zəruriliyi qeyd olunub. İştirakçılara turistlərin qarşılanmasının, yerləşdirilməsinin, qidalanmasının, gəzintilərin, əyləncələrin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin formalaşdırılması, turizm obyektlərində marketinq fəaliyyətinin təşkili və s. barədə ətraflı məlumat verilib, bu sahədə mövcud problemlərin həlli istiqamətində təkliflər səsləndirilib. Rayon mədəniyyət və turizm şöbəsi də Gədəbəydə turizm marşrutları ilə bağlı öz təkliflərini verib. Seminar iştirakçılarına Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
   Bundan əlavə, rayonun turizm fəaliyyəti ilə məşğul olan qurumları vasitəsilə «Gədəbəydə turizm haqqında nə bilirsiz və nəyi arzulayırsınız» başlığı altında inşa müsabiqəsi elan edilib. Müsabiqə oktyabrın 15-də yekunlaşacaq.
   Gədəbəydə oktyabr ayı ərzində «Turizm ili» çərçivəsində gerçəkləşəcək daha bir tədbir “Turizm muzeyi”nin yaradılması ilə bağlıdır. Muzey Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin binasında yerləşəcək.
   
   “Sənətkarlıq paytaxtı”na 56 min turist gəlib
   
   Azərbaycanın turizm üçün əlverişli olan dilbər guşələrindən biri də İsmayıllı rayonudur. Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı ərazisində tariximizin qədim dövrlərinin izləri qalmaqdadır. Rayonda müxtəlif sənətkarlıq növləri yüksək inkişaf edib ki, bu da İsmayıllını turistlər üçün maraqlı obyektə çevirib.
   Rayonun dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Lahıc kəndi sənətkarları ilə məşhurdur. Burada tarixən misgərlik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq və s. peşələr inkişaf tapıb. 1980-ci ildən muzey-qoruğa çevrilən Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunan tarixi abidələr siyahısındadır. Bunları bütün dünyaya nümayiş etdirmək üçün havası saf, suları can dərmanı, küçələri izdihamlı Lahıcda turizm mərkəzi yaradılır. İndinin özündə də buraya az turist gəlmir. İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan və İspaniyadan respublikamıza təşrif buyuranlar əsasən Lahıcda dincəlmək istəyirlər.
   İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasovun dediyinə görə, rayona gələn turistlərin sayı ildən-ilə artır. Belə ki, ötən il İsmayıllıya 25 min turist gəlmişdisə, bu ilin sentyabr ayına olan məlumata görə, rayonun istirahət mərkəzlərində 56 min 987 nəfər insan dincəlib. Onların təxminən 25 mini xarici ölkə vətəndaşları olub. Bu ilin 9 ayı ərzində Lahıcı 20 mindən çox turist ziyarət edib ki, bunun da 30-35 faizini yenə də xaricilər təşkil edir.
   Rayonda Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında 9 turizm istirahət mərkəzi, mehmanxana və mehmanxana tipli obyekt (ümumilikdə 600-dən yuxarı yataq yeri) fəaliyyət göstərir. Rayonda fəaliyyət göstərən «Qreen House», «Qız qalası», «Qaya», «Şahbulaq», «Şəlalə», «Şato Monolit» istirahət mərkəzlərində yerli və xarici turistlərə yüksək səviyyədə xidmət göstərilir.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar