Vasili Veliçkonun “Qafqaz“ əsərinin yeni nəşri təqdim olundu
   
   Fevralın 3-də Milli Azərbaycan Tarixi Muzeyində görkəmli rus tarixçi-yazarı Vasili Lvoviç Veliçkonun “Qafqaz“ (Rus işi və tayfalararası məsələlər) kitabının yeni nəşrinin (rus dilində) təqdimatı oldu. Qeyd edək ki, çar Rusiyasının Qafqaz siyasətinə, XIX əsrdə və XX əsrin əvvəlində bu regionda cərəyan edən proseslərə işıq tutan kitab ilk dəfə 1904-cü ildə Sankt-Peterburqda nəşr olunub. Sovet dövründə kitab qadağan olunub. 1990-cı ildə Azərbaycanda işıq üzü görüb. Yeni nəşr Qafqaz Strateji Tədqiqatlar İnstitutu tərəfindən çapa hazırlanıb.
   Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı kitabın tarixi əhəmiyyətindən söz açdı. Qafqaz Strateji Tədqiqatlar İnstitutunun təmsilçisi, professor Eldar İsmayılov kitabın yaranma tarixindən danışdı.
   AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov kitabın tarixi əhəmiyyətindən danışaraq bildirdi ki, XIX-XX əsrlərdə Qafqazda gərginlik yaradan həmişə ermənilər olub: “Bu tarixi fakt kitabda da öz əksini tapıb. V.L.Veliçko yaxşı bilib ki, Qafqaz qan bahasına işğal olunub. O, ölkəsini, dövlətini sevən bir şəxs olub. Qafqazı kənd-kənd gəzib, onun tarixini, toponimiyasını və etnoqrafiyasını hərtərəfli öyrənib. Müəllif bu kitabı yazmaqla demək istəyib ki, Rusiya Qafqaz siyasətini dəyişməlidir”.
   Tarixçi alim, professor Musa Qasımlı, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, Gürcüstan Tarixçiləri Milli Komitəsinin sədri Roin Metroveli, Türkiyə Beynəlxalq münasibətlər Şurasının sədr müavini Kamer Kasım çıxış edərək kitabın tarixi əhəmiyyətindən danışdılar.   

   Savalan Fərəcov