Milli geyim kolleksiyası Osloda nümayiş etdirilib

 

Mayın 29-da Norveçin paytaxtı Osloda tanınmış modelyer, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Xarıbülbül və Qarabağ” adlı milli geyim kolleksiyası nümayiş etdirilib. Təqdimat Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşib.

Oslonun “Cosmopolite” səhnəsində nümayiş etdirilən kolleksiyanın təqdimatı Azərbaycanın Müstəqillik Gününə və “Şuşa İli”nə həsr olunub.

Bu il 50 illik yubileyini qeyd edən modelyer “Xarıbülbül və Qarabağ” kolleksiyasının Norveçdə təqdimatını əlamətdar hadisə adlandırıb. “Bütün yaradıcılıq fəaliyyətim boyu həmişə milli dəyərləri təbliğ etməyə, Azərbaycan milli geyim ənənələrini qoruyub saxlamağa və inkişaf etdirməyə çalışmışam. Bizim gözəl mədəniyyətimiz, adət-ənənələrimiz bütün dünyada tanınmalıdır”, – deyə Gülnarə Xəlilova bildirib.

Xatırladaq ki, bundan əvvəl G.Xəlilovanın kolleksiyaları moda həftələrində və beynəlxalq tədbirlərdə Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Bolqarıstan, İsveç və digər ölkələrdə uğurla təqdim olunub.

Lalə