Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Çex Respublikasının “Karolinum” nəşriyyatının birgə əməkdaşlığı çərçivəsində Praqada işıq üzü görmüş “Sarı gəlin – Azərbaycan hekayələri antologiyası” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Karlov Universitetinin professoru İvana Bozdexova açaraq kitaba daxil edilmiş əsərlərin bədii məziyyətindən, çex dilinə tərcümə və tərtib prosesindən danışıb. Bildirib ki, Çexiya ədəbi mühitində maraqla qarşılanan nəşr Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ədəbiyyatlararası mübadilə və iki ölkə arasında mədəniyyətlərarası dialoqun inkişafına verilən əlamətdar töhfədir.
Karlov Universitetinin prorektoru Yan Kuklik də kitabın hər iki ölkənin ədəbi-mədəni həyatı üçün əlamətdar hadisə olduğunu, bu səpkili layihələrin davamlı şəkildə həyata keçirilməsinə ehtiyac duyulduğunu bildirib.
Universitetin professoru Zuzana Krjihova, Klara Xoulikova, “Karolinum” nəşriyyatının direktoru Petr Valo və digər çıxış edənlər nəşr haqqında söz açıblar.
Ölkəmizin Çex Respublikasında səfiri Adış Məmmədov nəşrin Azərbaycan xalqı və mədəniyyətinin çexiyalı oxuculara tanıdılmasında mühüm rolundan danışıb: “Bu vaxta qədər ayrı-ayrı yazıçı və şairlərin əsərlərindən bəzi nümunələr müxtəlif dövrlərdə Praqada çap olunsa da, milli ədəbiyyatın bu cür küll halında təqdim edilməsi ilk və əlamətdar hadisədir”.
Mərasimin bədii hissəsində kitaba daxil edilmiş əsərlərdən – Əzizə Cəfərzadənin “Gözlənilməyən gəliş”, Anarın “Gürcü familiyası”, Elçinin “Sarı gəlin” hekayələrindən parçalar səsləndirilib, “Sarı gəlin” Azərbaycan xalq mahnısı ifa olunub.
Qeyd edək ki, bu ilin mart ayında Praqada işıq üzü görmüş kitaba Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, Anar, Əzizə Cəfərzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Elçin, İsi Məlikzadə, Mövlud Süleymanlı, Kamal Abdulla, Şahmar, Sara Nəzirova, Rafiq Tağı, Saday Budaqlı, Etimad Başkeçid kimi Azərbaycan ədiblərinin əsərləri daxil edilib.