Tarixi yaddaşı yaşadan ən müasir təşviqat və informasiya mərkəzi

 

Xəbər verdiyimiz kimi, mayın 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi İşğal muzeyi, Zəfər muzeyi və dağıntıları əks etdirən Memorial parkdan ibarət olacaq.

İşğal muzeyi otuz ilə yaxın sürən işğal zamanı Zəngilan şəhərinin və bölgənin məruz qaldığı vandallığın əyani surətdə nümayiş etdirilməsi məqsədi daşıyır. Zəngilan şəhərində törədilmiş dağıntıların bir hissəsinin Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında muzey kimi nümayiş etdirilməsi nəzərdə tutulur. İşğal muzeyində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurmaq məqsədilə törədilən ekoloji terror aktları barədə məlumatlar da diqqətə çatdırılacaq. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaq. Muzey binasının şüşədən hazırlanacaq fasadının üzərindəki təsvirlər və naxışlar çinar yarpağına bənzəyəcək ki, bu da Zəngilan şəhərinin təbiətlə sıx əlaqəsini tərənnüm edəcək.

Zəngilanla bağlı tarixi faktların yaradıcı üsulla dağıntılar üzərində əks etdirilməsi üçün xüsusi layihə həyata keçiriləcək. Müxtəlif ölkələrdən cəlb olunacaq rəssamlar dağıntılar üzərində fərqli divar rəsmləri (“Street art”) yaradacaqlar. Beləliklə, 10 min 500 kvadratmetr sahəni əhatə edən dağıntılardan ibarət Memorial park boyunca açıq səma altında sərgi təşkil olunacaq.

Zəngilanda yaradılacaq Zəfər muzeyi Azərbaycan xalqının və şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən kompleks, həmçinin qazanılmış Qələbəni müasir təqdimat metodları ilə insanlara çatdıran məkan olacaq. Muzeyin binasının çinar meşəsini xatırladacaq fasadı dünyada sahəsinə görə ikinci ən böyük təbii çinar meşəsi olan Zəngilan meşələrinə həsr olunacaq. Foye vizual texnologiyalar vasitəsilə Zəfərə həsr olunan məlumatları nümayiş etdirmək üçün sərgi məkanı kimi istifadə olunacaq. Muzeydə 80 tamaşaçı yeri olan 4D kinoteatr da yaradılacaq. Gələcəkdə burada “Zangilan Earth Film Festival”ın təşkil olunması da nəzərdə tutulur.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Zəfər muzeyi binasının yanında qəhrəmanlarımızın adlarının qeyd olunduğu beton hasar formasında “Memorial lövhə” yaradılacaq.

Hər iki muzey Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edən, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə nail olan Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.