Mayın 31-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelərin Kəlbəcər rayonuna səfəri təşkil edilib. Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcərdə törətdiyi barbarlığın izləri ilə tanış etməkdir.
Nümayəndə heyətinə rayonda törədilən dağıntıların miqyası, aparılan quruculuq işləri barədə məlumat verilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir. Bu, diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə artıq sayca 9-cu səfəridir. Səfərdə 50-dən çox ölkə və 10-dək beynəlxalq təşkilatdan 80 nəfərdən çox nümayəndə iştirak edib.
“Əgər iki il əvvəl kimsə mənə bu gün Kəlbəcərdə çay içəcəyimi desəydi, mən ona inanmazdım. Amma biz buradayıq və çayımızı içirik və hökumət tərəfindən tikilmiş elektrik stansiyası, dağın altından keçən tunel kimi infrastruktur obyektləri ilə tanış oluruq”.
Bu sözləri İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərə açıqlamasında deyib.
Diplomat bildirib ki, Kəlbəcər rayonunun yenidən qurulması layihələrində İsrail Azərbaycanla əməkdaşlığa hazırdır. “Düşünürəm ki, bura böyük tərəfdaşlıq üçün yaxşı yer ola bilər. Biz külək və günəş enerjisi kimi alternativ enerji sahəsində çalışa bilərik. Biz həmçinin su resursları ilə bağlı da işləyə bilərik. Ötən ay İsrailin Milli Su Şirkəti (Mekorot) ilə Azərbaycanın aidiyyəti qurumu arasında su resursları üçün strateji planın hazırlanması ilə bağlı razılaşma imzalandı. Bu region su ilə zəngindir. Ona görə də düşünürəm ki, bu rayon bizim birlikdə işləməyimiz üçün fantastik yer ola bilər”.
Azərbaycanın gözəl və çiçəklənən Qarabağa layiq olduğunu vurğulayan Corc Dik əlavə edib ki, bu gün ölkə irəliyə baxır və dağıdılmış yerlərin bərpasına çalışır.
“Kəlbəcər Azərbaycanın ən valehedici bölgələrindən biridir. Həqiqətən, çox gözəldir” – bunu isə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
Bölgədə həyata keçirilən infrastruktur işlərini, yol və tunellərin çəkilməsini, otlaqlardan heyvandarlıq üçün istifadə olunduğunu qeyd edən səfir “Bu o deməkdir ki, artıq insanlar burdadır, onlar bu torpaqlardan istifadə edirlər” deyə bildirib.
Diplomat minalardan təmizlənmə prosesinə də toxunub və əlavə edib ki, Britaniya Azərbaycana bu məsələdə tez bir zamanda dəstək verib: “Bu iş həm də maarifləndirici kampaniyaların aparılması ilə bağlıdır. Biz UNİCEF-ə maliyyə dəstəyi verdik. Bərdədə, Tərtərdə, Füzulidə, Horadizdə və digər regionlarda bununla bağlı kampaniyalar aparıldı. Həmçinin UNDP vasitəsilə ANAMA-ya dəstək vermişik. Britaniyalı ekspertlər burada təcrübələrini paylaşıblar. Bütün bu proseslər davam edir”.