Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə mayın 31-də Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin (1812-1878) 210 illik yubileyinə həsr olunmuş “Zamanı qabaqlayan insan” adlı tədbir keçirilib.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Şahbaz Musayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, “Şərq-Qərb” nəşriyyatının baş redaktoru, ədəbi tənqidçi Nərgiz Cabbarlı, Azərbaycan Milli Kitabxanasının elmi-tədqiqat və metodik təminat şöbəsinin müdiri Aygün Koçak, sənətşünas, jurnalist və ssenarist Nadir Bədəlov iştirak ediblər.

Görüşdə çıxış edən qonaqlar Azərbaycan ədəbi və ictimai fikir tarixində Mirzə Fətəli Axundzadənin xidmətləri , onun maarifçi-realist görüşləri, xalqının, millətinin gələcəkdə dünya xalqları arasında yer tutması üçün apardığı mübarizə haqqında ətraflı söz açıblar.

Qeyd edilib ki, Mirzə Fətəlinin 1850-1855-ci illər ərzində yaratdığı altı dram əsəri, ümumilikdə yaradıcılığı özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatında ədəbi məktəb formalaşdırıb.

 Kitabxanada M.F.Axundzadənin həyat və yaradıcılığını əks etdirən sərgi təqdim edilib, Azərbaycan Dövlət Teatr Muzeyinin fondunda qorunan eksponatlar əsasında videoçarx nümayiş olunub.

Şəbnəm Babaşova
Səbail rayon MKS-nin Metodika və biblioqrafiya şöbəsinin müdiri