31 may – 2 iyun tarixlərində Almaniyanın Frankfurt şəhərində keçirilən “İMEX – 2022” sərgisində Azərbaycanın işgüzar turizm imkanları tanıdılıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, sərgiyə ölkəmizdən 8 turizm şirkəti qatılıb. Məqsəd Azərbaycanın işgüzar və biznes turizmi potensialını Avropada tanıtmaq, xarici tərəfdaşlarla əlaqələri genişləndirmək və yeni əməkdaşlıqlar qurmaqdır. Görüşlərdə Azərbaycanda mövcud olan müasir işgüzar turizm infrastrukturu və irimiqyaslı biznes tədbirlərinə ev sahibliyi etmə potensialı haqqında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun işgüzar turizmin təşviqi istiqamətində digər qurumlarla əməkdaşlığının nəticəsi olaraq ölkəmiz 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə, Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasına və Avropa Kranio Maksillo Üz Cərrahiyyəsi Assosiasiyasının Regional Konqresinə, 2024-cü ildə isə Universitet Alimlərinin Liderlik Simpoziumuna ev sahibliyi edəcək.

Dünya üzrə görüşlər, konfranslar, tədbirlər və işgüzar səyahətlər sahəsində ən mühüm sərgi hesab olunan “İMEX Frankfurt” 2002-ci ildən başlayaraq hər il keçirilir. Bu il sərgiyə 150-dən çox ölkədən nümayəndələr qatılıb.