Qala-şəhərimiz ilk dəfə uşaq festivalının qala-konsertinə ev sahibliyi etdi
Otuz ilə yaxın sürən işğaldan sonra mədəniyyətimizin paytaxtı kimi tarixi missiyasını davam etdirən Şuşa şəhərində festivallar, söz-sənət şölənləri bir-birini əvəzləyir. Qədim şəhər ilk dəfə respublika miqyaslı uşaq tədbirinə ev sahibliyi edib.
İyunun 1-də Şuşada məktəblilər arasında “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konserti təşkil olunub.
Konsert Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real məktəbinin tarixi binasının qarşısında keçirilib.
Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndəsi və digər rəsmilər, mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, festival-müsabiqənin qalibləri iştirak ediblər.
Konsert proqramında 150-yə yaxın məktəbli, o cümlədən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri çıxış ediblər. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Tədbirin sərgi hissəsində müsabiqə qaliblərinin rəsm və əl işlərinə baxış keçirilib.
Qeyd edək ki, “Şuşa İli”nə həsr olunmuş festival-müsabiqə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumtəhsil müəssisələri istisna olmaqla) istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 və 15-17 yaş) 4 nominasiya (ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət) üzrə keçirilib. Müsabiqəyə ümumilikdə 10 mindən çox şagird qatılıb. Müsabiqənin təşkilində məqsəd uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti və tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərə və adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, incəsənətin ayrı-ayrı növləri üzrə istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.