2-4 iyun tarixlərində İstanbulda Türk Dünyası Hekayə Festivalı keçirilib. Festivalda ölkəmiz də təmsil olunub.

İstanbulun Zeytinburnu Bələdiyyəsi tərəfindən təşkil olunan festival "Hekayəni xatırla" mövzusu ilə keçirilir. Tədbirin məqsədi türkdilli ölkələrdən yazıçı və şairləri ədəbiyyat və sənətsevərlərlə bir araya gətirməkdir.

Hər il ənənəvi olaraq beynəlxalq səviyyədə baş tutan festival, bu il türk dünyasına və türkdilli dövlətlərin ədəbiyyat, şeir və nəsr əsərlərinə həsr olunub.

Festivalın builki aparıcı türkdilli ölkəsi Azərbaycan seçilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, yazarlar Təranə Vahid, Pərvin Nurəliyeva, yazıçı-tərcüməçi Kamran Nəzirli iştirak ediblər.

Mərasimdə çıxış edən yazıçı-tərcüməçi İmdad Avşar Azərbaycan və Türkiyə mədəniyyət nümunələrinin oxşar cəhətlərindən bəhs edib, bu bənzərliyin tarixi-mədəni birliyimizdən irəli gəldiyini vurğulayıb. Bildirib ki, türkdilli xalqların ədəbiyyatlarında öz əksini tapan ictimai və estetik ideya həmrəyliyi bu birliyi şərtləndirən əsas amildir.