İstanbulda “Anadoludan Azərbaycana bir nəfəs – 2022 Şuşa ili” adlı konsert təşkil edilib. Konsert TRT İstanbul Radiosu, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı, İstanbulun Bakırköy Bələdiyyəsinin dəstəyi ilə baş tutub.
Konsertdən əvvəl Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, hər iki dövlətin himnləri səsləndirilib.
Qonaqları salamlayan “Hazarfem”in sədri Nuran Acar konsertin Azərbaycanın tarixi Qarabağ Zəfəri və “Şuşa İli”nə həsr olunduğunu bildirib: “Biz illərdir Qarabağ, Şuşa deyirdik. Hər zaman oranı bir nağıl kimi təsəvvür edirdik. Yaxın zamanda Şuşanı ziyarət etdim. Həqiqətən, bu şəhərin bir nağıllar diyarına bənzədiyini gördüm. Bu şanlı Zəfəri bizə bəxş etdiyi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, hər bir qəhrəman türk oğluna minnətdarıq. Eləcə də, hər zaman olduğu kimi, savaş dövründə də qardaş Azərbaycanın yanında olan Prezidentimiz Rəcəb Tayyib Ərdoğan başda olmaqla, hər bir Türkiyə vətəndaşına təşəkkürümüzü bildiririk”.
Tədbirdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfəri əks etdirən videoçarx nümayiş olunub.
Sonra TRT İstanbul Radiosunun Anadolu saz sənətkarları və türk xalq musiqisi sənətçisi Dünya Tekin Azərbaycan və Türkiyə musiqilərindən nümunələr ifa ediblər. Konsertdə, həmçinin “Hazarfem” Dərnəyinin nağaraçılar və Azərbaycan xalq rəqsləri qruplarının ifaları da təqdim olunub.