Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü və 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə əlaqədar Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Turizm təhsili bölməsi Nərimanov rayonunda yerləşən ali məktəblərin bir qrup tələbəsi ilə birlikdə “Qala” arxeoloji etnoqrafik muzey kompleksinə və “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğuna ekskursiya təşkil edib. Ekskursiyaya rəhbərlik edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Turizm təhsili bölməsinin müdiri Müjkan Məmmədzadə 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qoruğu ərazisində açıq səma altında yaradılan ilk “Arxeoloji Etnoqrafik Muzey kompleksi” barədə məlumat verib.
Sonra gənclər Məhəmmədi kəndinin qərb hissəsində, Bakının mərkəzindən 27 km, kənd mərkəzindən isə 2 km məsafədə yerləşən nadir təbiət abidəsi - “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğuna ekskursiya ediblər. Burada gənclərə erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində yanan torpaqların, hətta yanan suyun olması ilə bağlı maraqlı məlumatlar verilib.