Portuqaliya Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bu fikri iyunun 6-da Moskvada Azərbaycanın Rusiya Federasiyasında səfiri Polad Bülbüloğlu ilə görüşdə Portuqaliyanın RF-də yeni səfiri xanım Madalena Fişer vurğulayıb.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini vurğulayan xanım səfir ölkələrimizin BMT çərçivəsində irəli sürdükləri namizədliklərə qarşılıqlı əsasda dəstəyin verilməsinin əhəmiyyət kəsb etdiyini deyib.
Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib, uğurlar arzulayıb. Polad Bülbüloğlu həmçinin Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Moskvada təşkil edilən mədəni tədbirlər barədə söz açıb.
Azərbaycan-Portuqaliya münasibətlərindən bəhs edən Polad Bülbüloğlu ikitərəfli əlaqələrin, xüsusilə turizm, mədəniyyət və təhsil sahələrinnin inkişafı üçün geniş imkanların olduğunu deyib.
Azərbaycan səfiri həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, uzun illər aparılmış danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlarda qəbul olunmuş sənədlər haqqında danışaraq 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini diqqətə çatdırıb. Postmünaqişə dövrü və azad olunmuş ərazilərimizdə sürətlə aparılan bərpa və yenidənqurma işləri barədə də məlumat verilib.
Sonda portuqaliyalı diplomata kəlağayı, Heydər Əliyev Fondu tərəfindən çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edilib.