Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Ulu Gəncənin inciləri” adlı yaradıcılıq sərgisi keçirilib. Sərgidə Əməkdar rəssamlar, metalişləmə üzrə mütəxəssis Mübariz Əkbərov, dekorativ-tətbiqi sənət ustası Saləddin Məhərrəmov və Rəssamlar İttifaqının üzvü, heykəltəraş Cəmaləddin Rüstəmovun əl işləri nümayiş olunur.
Sərgidə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, şəhər ziyalıları və media nümayəndələri iştirak ediblər.
Çıxış edənlər sərginin əhəmiyyətindən danışaraq rəssamlara yaradıcılıq uğurları arzulayıblar. Bildirilib ki, sərgidə nümayiş olunan əl işləri rəssamların yaradıcılığının geniş və çoxşaxəli olmasından xəbər verir.
Vurğulanıb ki, bədii oyma dekorativ-tətbiqi sənətin ən qədim və geniş yayılmış növlərindən biridir. Ölkəmizdə oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Əcdadlarımızın hələ qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur. Bədii oyma çətin sənətdir və insandan istedad, təmkin, böyük zəhmət, dəqiqlik, incəlik tələb edir. Bunlar kompleks şəkildə olanda diqqətəlayiq əsərlər meydana gəlir. Bu sənəti mənimsəmək üçün insan xəttatlıq, nəqqaşlıq, xarratlıq və rəssamlıqdan məlumatlı olmalı, bu incəsənət növlərini də mənimsəməlidir.
Rəssamlar çıxış edərək öz yaradıcılıqları haqqında iştirakçılara ətraflı məlumat veriblər.