İyunun 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında rus dramaturqu Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanan "Lara Martin's Jazz Club" caz tamaşasının premyerası olacaq.
Teatrın rus bölməsində ərsəyə gələn tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçıları Əməkdar artist Nərgiz Kərimova və Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.
"Lara Martin's Jazz Club"da baş rolu Əməkdar artist Nərgiz Kərimova oynayacaq. Tamaşada Əməkdar artistlər Fərid Əliyev, Şövqi Hüseynov, Nahidə Orucova, aktyorlar Əliməmməd Novruzov, Rauf Babayev, Emil Heydərov iştirak edirlər. Pianoçu Nərminə İsmayılova və "DJ Maqa" – Məhəmməd Məmmədov da aktyorlarla eyni səhnəni bölüşəcəklər.
Fərqli səhnə tərtibatı ilə seçilən tamaşada aktyorların canlı ifalarında məşhur caz kompozisiyalarından nümunələr təqdim olunacaq.
Xatırladaq ki, rejissor İradə Gözəlova bundan öncə Musiqili Teatrda Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, İlyas Əfəndiyevin “Mənim günahım” (Qara Qarayevin musiqiləri əsasında) əsərlərini tamaşaya qoyub, Fikrət Əmirovun musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında “999-cu gecə” adlı tamaşaya quruluş verib.