İyunun 11-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə təşkil olunan Rok festivalının qala-gecəsi keçirilib. Qala-gecənin quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.
Festivalın əsas məqsədi Azərbaycanda rok janrının tanıdılması, təbliği və inkişafıdır.
Gecənin aparıcısı Hüsniyyə Məhərrəmova bildirib ki, gənclər arasında çıxış etmək çox xoşdur, çünki onların konsertə gəlməsi musiqinin bu janrına dəstək olur. Rok Azərbaycanda 1960-cı illərdə Bakı cazı ilə paralel olaraq yayılıb və peşəkar musiqiçiləri bir araya gətirib. O dövrün qrupları indi mövcud olmasa da, yeni qruplar yaranıb.
Səhiyyə TV-nin rəhbəri Azər Xudiyev bildirib ki, təmsil etdiyi qurum Rok festivalını ənənəvi keçirməyi öhdəsinə götürüb. Musiqi olmasa insan fiziki olaraq yaşaya bilməz. Gənclərə ritmləri daim qoruyub saxlamağı arzulayan Azər Xudiyev rokun həyat və ehtiras olduğunu vurğulayıb. O, konsertin ərsəyə gəlməsində zəhməti keçən bütün şəxslərə təşəkkürünü bildirib.
Sonra Azərbaycanda ilk rəsmi Rok festivalı açıq elan olunub.
Əvvəlcə “The Passion” qrupu səhnəyə dəvət olunub. Onlar simli alətlərdə dünya musiqi incilərindən mahnılar ifa ediblər. Daha sonra “Free From Four”, “Dədə Baba”, “Orxan Efendi”, “Qara Dərviş”, “Groove İN spires”, “Sadnos”, “CODA” və “Evil Decay” kimi qruplar gecədə çıxış ediblər.
Konsert proqramı alqışlarla qarşılanıb.
Rok festivalı növbəti günlər “Albion” konsert zalında davam edəcək, bağlanış konserti isə “Hard Rok” kafedə olacaq.