Qabiliyyət imtahanı veriblər


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 9-11 iyun tarixlərində 2022-2023-cü tədris ili üçün jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət imtahanı keçirilib.

İmtahan iştirakçılarının yaradıcılıq qabiliyyətlərini, eləcə də jurnalistika üzrə nəzəri və praktiki biliklərini Qabiliyyət İmtahanı Komissiyasının (QİK) üzvləri – Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Əməkdar jurnalist Tahir Rüstəmov (“Xalq qəzeti”), filologiya üzrə fəlsəfə doktorları Vəfa İsgəndərova, Natəvan Atamoğlanova və Sevinc Məmmədova (Bakı Dövlət Universiteti) qiymətləndiriblər.

QİK üzvləri öncə bakalavrların dövri mətbuatda, radio və televiziyada, internet mediada yayımlanmış yazılarını nəzərdən keçiriblər. Sonra imtahan iştirakçılarının ümumi dünyagörüşü səviyyəsi, dünyada və ölkəmizdə cərəyan edən hadisələr barədə məlumatlılığı, jurnalistika üzrə nəzəri bilikləri, KİV-lərlə tanışlığı və s. müəyyənləşdirmək məqsədilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində onlara müvafiq suallar verilib. Sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavrlar intellektual səviyyələrini, dünyagörüşlərini, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, eləcə də ədəbi dil və nitq normalarına dair biliklərini nümayiş etdiriblər. Qabiliyyət imtahanında hər bir bakalavra 30 dəqiqə vaxt ayrılıb.

Qabiliyyət imtahanına yazılan 33 bakalavrdan 4-ü imtahanda iştirak etməyib, 29 nəfər “məqbul” qiymət alıb və jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanıb. Onlardan 26 nəfər jurnalistika ixtisasını, 1 nəfər kitabşünaslıq, 1 nəfər sənətşünaslıq, 1 nəfər xarici dil müəllimliyi ixtisaslarını bitirən bakalavrlardır.