Biləsuvar RMİ Biləsuvar rayon Mədəniyyət Mərkəzində “Pəncərə” teatr-studiyasının kollektivi tərəfindən “Qurbanın qurbanlığı” tamaşası nümayiş olunub. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək narkomaniyanın törətdiyi fəsadlardan bəhs olunan səhnə əsərini yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.

Neftçala rayon MKS 1 saylı şəhər kitabxana filialının əməkdaşları Camal İsmayılov adına Neftçala şəhər Uşaq incəsənət məktəbində dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə “Milli musiqi xəzinəmizdən” başlıqlı kitab sərgisi təşkil ediblər.

***

Şəki RMİ Qax Rayon Dövlət Rəsm Qalereyasında "Rənglərin dünyası" adlı rəsm və dekorativ əl işlərindən ibarət sərgi təşkil edilib.
Sərgidə Qax rayon Uşaq incəsənət məktəbinin Təsviri incəsənət şöbəsi müəllimlərinin rəsm əsərləri və əl işləri nümayiş olunub.

Şəki RMİ-nin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova sərginin ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirib. Qeyd edib ki, rəssamların yaratdıqları möhtəşəm əsərlər heç bir sərhəd tanımır. Bu sənət ciddi təxəyyül, istedad, əmək, səbir və mütaliə tələb edir. Sonda əsərləri sərgilənən müəlliflər fəxri fərmanla təltif olunub.

***

Masallı RMİ Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 2022-ci ilin birinci yarımili ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov mədəniyyət müəssisələrinin fəaliyyətlərindən, əldə olunmuş uğurlardan, yol verilmiş nöqsanlardan və növbəti aylarda qarşıda duran vəzifələrdən danışıb.

Sonra Yardımlı rayon Uşaq musiqi məktəbinin direktoru Zeyni Əkbərov, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, Yardımlı rayon MKS-nin direktoru Rahim Səfərov, Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov və başqa müəssisələrin rəhbərlərinin yarım ildə görülmüş işlər barədə çıxışları dinlənilib, təkliflər səsləndirilib.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri Qazaxıstanda onlayn keçirilən beynəlxalq “Bosphorus festival”ında uğur qazanıblar. Ayan Ələsgərova II, Röya İbrahimli I, 2-ci sinif şagirdi Zəhra Əhmədli II, dərəcəli, 5-ci sinif şagirdi Rəna Teymurova və 2-ci sinif şagirdi İnci Kərimli III, 2-ci sinif şagirdi Nuranə Baxşıyeva II dərəcəli diplomlara layiq görülüblər. Xalq çalğı alətləri üzrə Günel Sultanova isə (kamança) II dərəcəli diplom qazanıb. Müsabiqədə şagirdlərin uğurlu çıxışına görə müəllimləri təşəkkürnamə ilə təltif olunublar.

***

Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə RMİ-nin dəstəyi, Gəncə şəhər MKS-nin təşkilatçılığı ilə Mərkəzi Kitabxanada “Erməni təcavüzünun tanıdılması” İctimai Birliyinin sədri, yazıçı, publisist Səriyyə Müslümqızının “Geriyə baxma” adlı kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə MKS-nin direktor əvəzi Fəridə Qədimova açdıqdan sonra "Xocalı: zülmət bir gecə” filmi nümayiş olunub. RMİ-nin rəisi Vasif Cənnətov, millət vəkili Pərvin Kərimzadə, yazıçı-publisist Nüşabə Məmmədli, AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, YAP Gəncə şəhər təşkilatının məsləhətçisi Hüseyn Budaqov və başqaları çıxış edərək ermənilərin zaman-zaman xalqımız qarşı həyata keçirdikləri soyqırımı və deportasiyalar haqqında məlumat veriblər.

***

Kürdəmir rayon Mərkəzi Kitabxanasında ədəbiyyat üzrə Nobel mükafatı laureatı, türk yazıçısı Orxan Pamukun 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Kürdəmir RMİ-nin Xocavənd rayonu üzrə nümayəndəsi, ədəbiyyatşünas, yazar Ramil Əhməd “Orxan Pamuk və Azərbaycan ədəbiyyatı” mövzusunda çıxış edib. Məruzəçi müəllifi olduğu “Orxan Pamukun evində” kitabından, yazıçının yaradıcılığından söz açıb.

Sonda oxucuları maraqlandıran suallar cavablandırılıb.

***

Ağstafa RMİ E.Hüseynov adına Mərkəzi Kitabxananın Xidmət şöbəsi şəhər parkında “Qazaxlı söz xiridarları”, “Ayrılıq bir dənizmiş, Siz çağlayan bir ümman...” adlı səyyar sərgi təşkil edib. Sərgidə Xalq şairləri Hüseyn Arif, Vaqif Səmədoğlu və Xalq yazıçısı İsa Muğannanın kitabları nümayiş olunub.