İyunun 16-da Abdulla Şaiqin Mənzil-Muzeyində yazıçı-publisist Arzu Hacızadənin Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Söhrab oğlu Niftəliyevin qəhrəmanlıq yoluna həsr olunmuş “Cəsur ürək” kitabının təqdimatı keçirilib.
Tədbiri mənzil-muzeyin direktoru Ülkər Talıbzadə açaraq kitabın təqdimatının Şaiq ocağında keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu deyib. Bildirib ki, A.Şaiq və qardaşı Yusif Ziya Talıbzadə də türkçülük, vətənpərvərlik ideyalarına həmişə sadiq olublar.
Kitabın müəllifi yazıçı, şair Arzu Hacızadə əsərin ərsəyə gəlməsindən bəhs edib. Şəhidin atası Söhrab Niftəliyev oğlunun keçdiyi qəhrəmanlıq yolundan danışaraq qeyd edib ki, Mehrab hər zaman vətəninə bağlı olub, onu ürəkdən sevib, ona görə də torpaqlarımızın azadlığı uğrunda canından keçib.
Tədbirin bədii hissəsində 58 nömrəli tam orta məktəbin şagirdləri “Cəsur ürək” əsəri əsasında səhnəcik göstərib, vətənpərvərlik mövzusunda müxtəlif şeirlər səsləndiriblər.
Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, hələ sağlığında “Terminator” ləqəbi almış Mehrab Niftəliyev 44 günlük Vətən müharibəsində Murovdağ yüksəkliyindən Şuşa qalasına kimi qəhrəmanlıqla dolu ağır bir döyüş yolu keçib. O, bu döyüşlərdə düşmənin 70-ə yaxın hərbi qulluqçusunu, neçə-neçə döyüş texnikasını məhv edib.
Mehrabın ən böyük arzusu Şuşaya Azərbaycan bayrağını sancmaq idi. Məhz elə bu arzu ilə 2020-ci il noyabrın 8-də Şuşa şəhəri ərazisində gedən hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Dövlət başçısının sərəncamlarına əsasən, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” və bir neçə rayonun işğaldan azad olunmasına görə medallarla təltif olunub.
Qeyd edək ki, Mehrab Niftəliyev 2016-cı ilin Aprel döyüşlərində də qəhrəmanlıqlar göstərmişdi.