Ölkəyə turist cəlb etməyin mühüm vasitələrindən biri də milli mətbəx nümunələridir
   
   Oktyabrın 20-si Beynəlxalq Kulinariya Günüdür. Artıq dördüncü ildir ki, bu gün Milli Kulinariya Assosiasiyasının təşəbbüsü ilə ölkəmizdə də qeyd edilir. Azərbaycan dünyada zəngin mədəniyyəti ilə bərabər, zəngin mətbəxi ilə də tanınır. Milli mətbəximizdə 2 minədək xörək növü məlumdur. Hələ XVIII əsrdə ingilis səyyahı Entoni Cenkinson yazırdı ki, Şamaxıda Abdulla xanın qonağı olarkən nahara 150 çeşiddə xörək gətirilmiş, süfrə yığışdırıldıqdan sonra isə daha 140 xörək növü təqdim olunmuşdu.
   
   Aleksandr Dümadan kabab resepti
   
   Ümumiyyətlə, zaman-zaman ölkəmizə gələn əcnəbi səyyahlar öz xatirələrində milli mətbəximizin zənginliyi barədə qeydlərə xüsusi yer ayırıblar. 1858-ci ildə Qafqaza səfər edən, sonradan təəssüratlarını qələmə alan məşhur fransız yazıçısı Aleksandr (ata) Düma «Qafqaza səfər» adlı əsərində Azərbaycandan bəhs edərək tarixi-memarlıq abidələrimiz, mədəniyyətimiz, adət-ənənələrimizlə yanaşı, milli yeməklərimizdən də söz açır. Yazıçı əsərdə Azərbaycan mətbəxindən danışaraq oxucularına kabab bişirmə resepti də təqdim edir: “Mən səyahət etdikcə öz biliklərimi artırıram. Belə ki, bir ləzzətli xörək növünə rast gələndə, elə həmin dəqiqə onun necə hazırlanmasını soruşub yazıram. Kabab mənim səyahət boyu rast gəldiyim ən dadlı, ən ləzzətli yeməkdir. Onu Fransada məşhur olan yeməklərin siyahısına daxil etmək olar. Odur ki, əziz oxucular, indi mən sizə kababı necə hazırlamağın təhərini deyəcəyəm. Əminəm ki, siz onu bişirib yeyəndə məni minnətdarlıqla yad edəcəksiniz. Nə isə...Bir parça qoyun əti götürün, əgər tapa bilsəniz, döş əti olsun. Onu tikə-tikə doğrayın, soğan, duz, istiotla qarışdırıb basdırma edin. Onu bir qaba yığın və 15 dəqiqə saxlayın. Manqal qalayıb köz düşənə qədər gözləyin, tikələri dəmir və ya ağac şişlərə keçirib, odun üstündə qızarana qədər o tərəfə - bu tərəfə çevirin. Sonra isə yeyin. Əgər imkanınız olsa, əti basdırma edərək bir gecə saxlayın. Kabab bişəndən sonra onun üstünə bir az sumax əlavə edin. Onda daha da ləzzətli olacaq. Tələssəniz, bunlarsız da keçinmək olar. Əgər şiş tapmasanız - birdən elə ölkəyə düşərsiniz ki, orada heç şişin nə olduğunu bilməzlər, onda tüfənginizin süngüsündən şiş kimi istifadə edin”.
   Yazıçı Dərbənddən Bakıya gələrkən Sumqayıt yaxınlığında azərbaycanlıların onu duz-çörəklə qarşıladığını və təzə bişirilmiş çörəyə - lavaşa qonaq etdiklərini qeyd edir və lavaşın hazırlanması haqqında belə yazır: “O çox tez başa gələn iş idi. Təzə yoğurulmuş xəmirdən kündə kəsir, ayaqlının üstündə yayır, sonra onu közlə qızdırılmış sacın üstünə qoyurdular. Bizim qadınlar müxtəlif piroqlar bişirdikləri kimi, əvvəl onun bir tərəfini bişirir, sonra çevirirdilər ki, o biri tərəfi də bişsin. Onu isti-isti yeyirdilər. Bu, dadına görə bizim kəndlərdə bayram şənlikləri zamanı satılan, yeyəndə xırtıldayan kökələrə bənzəyir”.
   Səfər zamanı azərbaycanlıların fransalı qonaqları saciçiyə qonaq etmələrini isə yazıçı belə təsvir edir: “Sonra isə dəstədəki kişilərdən biri divardan asılmış ətdən bir parça kəsib xırda tikələrə bölüb, üstünə duz tökdü. Tikələri çörək bişirdikləri sacın üstünə qoydular. Ət tüstülənə-tüstülənə cızıldamağa və qızarmağa başladı. Sən demə, bunu bizim üçün bişirirlərmiş. İşarə etdilər ki, buyurun yeyin. Biz xəncərlərin qınına bağlanmış kiçik bıçaqla əla qızardılmış tikələri götürərək duz-çörəklə yeməyə başladıq. Çox vaxt təmtəraqlı stol arxasında, gözəl xidmət göstərilərək verilən yeməkdən bu, daha ləzzətli idi. Avropada bu gün az tanınan böyük Xəzər gölü sahillərində şam etmək başqa aləm idi”.
   Ömründə ilk dəfə məhz Azərbaycanda plov yeyən A.Düma “Qafqaza səfər” əsərində dəfələrlə bu dadlı xörəyin də adını çəkir. Şamaxıda olarkən, şəhərin ən varlı şəxslərindən biri olan Mahmud ağanın evində təşkil olunmuş milli musiqi gecəsi və şam süfrəsi haqqında yazır: “Mahmud ağanın evi Dərbənddən Tiflisə qədər gördüyüm evlərin ən gözəli idi. O, Şərq memarlıq üslubunda tikilmiş qiyamət bir imarət idi... Rəqs başa çatdıqdan sonra şam yeməyinə dəvət olunduq. Xörəklərin ən əsası - yanında nardança və yağ olan beçə ətindən turşulu-döşəməli plov idi”.
   
   Turistlərə milli yeməklərimiz barədə məlumat verilir
   
   Azərbaycan turizminin dünyada tanıdılmasında zəngin milli mətbəximizin xüsusi yeri var. Bunun üçün isə ilk növbədə ölkəmizə gələn qonaqlara mətbəximizin lazımi səviyyədə təqdim olunması vacibdir. AHİK-in Turizm və Ekskursiyalar Şurasının baş təlimatçısı, tanınmış bələdçi Əlixan Mürvətovun sözlərinə görə, 2012-ci ildə ölkəmizdə keçiriləcək «Eurovision» mahnı müsabiqəsi bu baxımdan mühüm bir fürsətdir: “Təbii ki, müsabiqə ilə bağlı Bakıya gələcək qonaqlara Avropa mətbəxi nümunələri də təqdim olunacaq. Amma yenə də üstünlük milli kulinariyamıza veriləcək. Bizim mətbəximiz çox kalorilidir. Kabab gələn qonaqlar tərəfindən yaxşı qarşılansa da, onu sutkanın bütün saatlarında yemək düzgün deyil. Bizim elə qədim yeməklərimiz var ki, onlar artıq unudulmaq ərəfəsindədir. Məsələn, cızbızın müxtəlif formada hazırlanma qaydası mövcuddur. Bunu xüsusi qaydada təqdim etmək lazımdır. Və yaxud rəngarəng çeşidli salatlarımız var. Bir sözlə, qonaqlarımıza milli yeməklərimizi geniş şəkildə təqdim etməliyik».
   Bələdçilik fəaliyyəti ilə əlaqədar olaraq xarici turistlərlə tez-tez bir yerdə olduğunu deyən mütəxəssis bildirir ki, turistlər milli yeməklərimizə böyük maraq göstərirlər: “Turistlərə təqdim edilən xörəklərimizin hazırlanma qaydası haqqında da ətraflı məlumat veririk. Çox vaxt aşpazlar yeməklərin təqdimatını keçirirlər. Əksər hallarda turistlər kağız-qələm götürüb xoşlarına gələn yeməklər haqqında aşpazlardan ətraflı məlumat da alırlar”.
   Həmsöhbətimiz qeyd etdi ki, Şərq üslubunda bişirilən yeməklər arasında Azərbaycan yeməkləri üstünlük təşkil edir. Bunu ölkəmizə gələn qonaqlar özləri də etiraf edirlər.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar