23-26 iyun tarixlərində Bakıda 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi Sərgisi keçiriləcək.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından verilən məlumata görə, dünyanın ən böyük sağlamlıq turizmi sərgisi olan HESTOUREX-in postpandemiya dövründə hər il fərqli məkanda keçirilməsi nəzərdə tutulur. Bu il HESTOUREX öz iştirakçılarını tamamilə yenilənmiş formada Azərbaycanın paytaxtında – "Baku Crystal Hall"da salamlayacaq.
Bakı görüşünə 22 Avropa ölkəsi olmaqla, dünyanın 65 ölkəsindən 1000-dən çox sağlamlıq turizmi təşkilatının qatılması gözlənilir.
Türkiyənin məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin də iştirak edəcəyi sərgidə çoxsaylı B2B görüşlərin təşkili planlaşdırılır. Sərgi zamanı müxtəlif panellər və xüsusi təqdimatlar da olacaq. İştirakçılar sərgi məkanında – "Baku Crystal Hall"da xəstəxanalar, klinikalar və turizm agentlikləri ilə işgüzar görüşlər keçirmək imkanı əldə edəcəklər.
Sərgi Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənir.
Ziyarətçi qismində iştirak etmək istəyənlər ətraflı məlumat və qeydiyyat forması üçün aşağıdakı linkə daxil ola bilərlər: https://hestourexazerbaycan.com/en/visitor/
4-cü HESTOUREX sərgisi ilə bağlı 20 iyun saat 11:00-da "Boulvard Marriot" hotelində mətbuat konfransı keçiriləcək.