“Mədəniyyət/Culture” jurnalının növbəti sayı (mart-aprel 2022) oxucuların görüşünə gəlib.
Jurnalın bu sayındakı yazıların bir qismi Türk dünyası ilə bağlıdır. Bu mövzuda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə müsahibə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Novruz şənliyi barədə material təqdim olunur, eləcə də “Kitabi-Dədə Qorqud” eposunun özbək dilinə tərcüməsindən söz açılır.
Azərbaycan Prezidentinin sərəncamlarına uyğun olaraq, korifeylərin yubileyləri haqqında mütəmadi yazılarla çıxış edən jurnal bu dəfə Xurşidbanu Natəvanın 190, Fikrət Əmirovun 100 illik yubileylərini diqqətə çatdırır, şərqşünas, Nizami yaradıcılığının böyük tədqiqatçılarından professor Rüstəm Əliyevi xatırlayır, Azərbaycan kinematoqrafiyası və ədəbiyyatının görkəmli simalarından Rüstəm İbrahimbəyovu anır. Bir il öncə həyatdan gedən Xalq şairi Fikrət Qocanın onun vətənində - Ağdaşda keçirilən anım mərasimindən reportaj da oxuculara təqdim olunur.
Jurnalın “Elm” rubrikası da həmişəki kimi gənc və müqtədir araşdırmaçılarımızın üstün təfəkkürünün məhsulu olaraq Azərbaycan elminə xidmətdədir.