Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə özünün müəllifi olduğu pyesə quruluş verir.
Kod adı “V.X.A.” olan səhnə əsəri “vətən xaini”, “xalq düşməni” damğası altında repressiya olunan görkəmli ziyalıların sovet sürgünlərində, məhbəslərində min bir iztirab çəkmiş, Orta Asiyanın Akmol düşərgəsində həyat və ölüm arasında çarpışmış xanımlarının faciəvi taleyindən bəhs edir.
Azərbaycan teatr tarixində bu mövzuda və miqyasda ilk dəfə tamaşa hazırlandığını deyən M.Ələkbərzadə uzun illər boyu tarixi faktları araşdırdığını və belə bir səhnə əsərinin vacibliyini qeyd edib: “Hələ televiziyada Mircəfər Bağırov haqda silsilə sənədli filmlər hazırladığım zamandan bu mövzu məni düşündürüb. İşlədiyim bir çox arxiv materiallarından, bu insanların ailələri ilə söhbətlərimdən anlamışam ki, Azərbaycan xalqı öz fədakar, mətanətli qadınlarını tanımalıdır. Belə demək mümkünsə, keçmişimizin qadın üzü həm də bu adamlardı...”.
Bu mövzuda 2010 və 2019-cu illərdə kinopovest üslubunda esselər yayımlayan M.Ələkbərzadə bildirib ki, bu mövzu 10 ildən artıqdır mənimlə yol gəlir: “Mən şərti olaraq “37-ci illər” kimi adlandırdığım məşum zamana və onun sakinlərinə yenidən həyat verərək, onlarla o dəhşətli yolu yenidən keçmək istədim. Bu yara 85 ildir ki, qanayır. Mən bu yaranın artıq ağrısını paylaşmaq, o qadınlara bir ithaf borcumu verməyi düşündüm”.
Səhnə əsərində böyük söz, fikir adamlarının “günahsız müqəssir” xanımlarının, heç bir günahı olmayan məsum körpələrin faciəsi göstərilir.
Qeyd edək ki, Əhməd Cavadın 130 illiyinə, repressiya qurbanı olmuş görkəmli ziyalılara və onların ailə üzvlərinə, xanımlarına ithaf olunan səhnə əsəri növbəti teatr mövsümündə tamaşaçılara təqdim olunacaq.