Leyla Əliyevanın əsəri əsasında toxunan xalça Cenevrədə nümayiş olunur
14-30 iyun tarixində İsveçrənin Cenevrə şəhərində okean və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəldən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) adlı sərgi keçirilir. Sərgi Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü, BMT-nin Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.
“Azərxalça” ASC-dən verilən xəbərə görə, iyunun 14-də sərginin açılışında Leyla Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız iştirak ediblər.
Cenevrədəki Millətlər Sarayında (Palace of Nations) keçirilən sərgidə Azərbaycanın doqquz müasir rəssamının əsərləri təqdim olunur. Cavid İlham, Diana Əliyeva, Elşən Karaca, Erkin Ələkbərli, Günel Ravilova, Leyla Əliyeva, Mirəli Seyidov, Nəzrin Xələfova və Nəzrin Məmmədova öz əsərlərindəki mesajları qlobal ekoloji problemlərə yönəltməklə, ekoloji fəaliyyət üçün ictimai dəstək toplayır və bununla da qlobal məqsədlərə töhfə verirlər.
“Mənim dənizlərim, mənim okeanlarım” sərgisini təqdim edən kuratorlar – “Azərxalça” ASC İdarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov və isveçrəli həmkarı Viktoriya Dzodziev gələcək nəsillər üçün dünyanın ağciyərləri olan su ehtiyatlarının qorunmasının vacibliyini vurğulayıblar.
Sərginin diqqətçəkən eksponatlarından biri “Su altında üzən Simurq” xalçasıdır. Xalça Leyla Əliyevanın eyniadlı əsəri əsasında toxunub və xalçanın çeşnisi “Azərxalça” ASC-nin rəssamları tərəfindən yaradılıb.
“Su altında üzən Simurq” xalçası “Azərxalça” ASC-nin Nardaran emalatxanasında toxunub. Sərgi ziyarətçilərinin zövqünü oxşayan xalçanın əsas rəngləri ağ, qara və tünd-göy rənglərdir. Sahəsi 6 kv.m (3x2) olan xalçanın toxunmasında 4 toxucu xanım iştirak edib.