Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin nəticələrinə uyğun olaraq qalib əsərin məşqlərinə başlanıb. Qeyd edək ki, müsabiqədə yazıçı-dramaturq İlqar Fəhminin “Balaca kişilər” pyesi münsiflər heyəti tərəfindən qalib elan olunmuşdu. 

Pyesə Əməkdar artist Nicat Kazımov quruluş verir. Tamaşanın tərtibatçı rəssamı Yekaterina Xaritonova, geyim rəssamı İradə Heydərovadır. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.

Səhnə əsərinin ilk oxunuş günü teatrın direktoru Naidə İsmayılzadə Qarabağ Zəfərinə həsr olunan tamaşanın məsuliyyətindən danışıb: “Xalqımızın həyatında ən önəmli hadisələrdən birini, tarixi Qələbəni səhnədən layiqincə göstərməliyik. Arzu edirəm, elə bir tamaşa qurulsun ki, qazilərimiz, o yerlərdə döyüşən oğullarımız bizə baxıb alqışlasınlar. Yeni gələn nəsillər bu gün baş verənləri, xalqımızın tarixindəki bu parlaq hadisəni, böyük qələbəni həm də bizim tamaşadan öyrənsinlər. Tarix kitabları hər şeyi olduğu kimi yazacaq, təqdim edəcək. Sənətin isə vəzifəsi hadisələri daha dərin, daha təsirli əks etdirməkdir. Böyük qələbə ilə yanaşı ağrılarımız da var. Ayrı-ayrı ailələr balalarını, əzizlərini itirdilər. Amma bu hamımızın itkisidir. Sənət həmin ağrıları da ovutmağa çalışmalıdır”.

Quruluşçu rejissor N.Kazımov bu mövzuda tamaşa qurmağın həm də vətəndaşlıq borcu olduğunu qeyd edib: “Xatırlayıram ki, Xocalı soyqrımının onuncu ildönümündə tamaşa qurmuşdum. O zaman tamaşaçılar arasında Qarabağdan məcburi köçkün düşən soydaşlarımız da vardı. Məndən ötrü onların səhnədə baş verənlərə reaksiyası, sonradan dedikləri fikirlər ən böyük dəyər idi. Onda anladım ki, sənət meyarları və peşəkarlıq öz yerində, amma xalq üçün belə həssas mövzularda əsərlər qurulanda vətəndaşlıq duyğuları hər şeydən öndə olmalıdır...”.

Qeyd edək ki, tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, aktyorlar Araz Pirimov, Bəhram Həsənov, Hilal Dəmirov, Xaliq Bəkirov, Mətləb Abuşov, Ümman Budaqov, Nurlan Süleymanlı, Mirsənan Kazımlı, İlhan Sadıqov, Rəşad Səfərov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Əbülfəz İsgəndərov rol alıblar.

Səhnə əsəri yeni teatr mövsümündə sənətsevərlərin görüşünə gələcək.