Ölkələrarası münasibətlərin inkişafında turizm sektorunun rolu böyükdür. Azərbaycanda xarici turistlərin qəbulu və onlara yüksək səviyyədə xidmət göstərmək üçün geniş şərait yaradılıb.
Turizm sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların da başlıca məqsədi ölkəmizin dünya turizm sisteminə inteqrasiyasını sürətləndirmək, ölkəyə gələn turistlərin sayının artmasına nail olmaqdır. Bu xüsusda xarici ölkələrdən Azərbaycana infoturların təşkilinin əhəmiyyəti böyükdür. Bu fikri Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bizimlə söhbətində bildirdi.
Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı, hotel və turizm şirkətlərinin fəal iştirakı ilə Bakıya və regionlara infoturların həyata keçirilməsi ölkəmizin turizm potensialının tanıdılmasında böyük rol oynayar: «Bu turlara ilk növbədə Rusiya, Ukrayna, Belarus və Baltikyanı respublikaların turizm şirkətlərinin əməkdaşları dəvət edilməlidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən hotellərin baş menecerlərinin və turizm şirkətləri rəhbərlərinin turizm təhsili verən təhsil müəssisələrində, o cümlədən Azərbaycan Turizm İnstitutunda tələbələrə mühazirələr keçməsi işini genişləndirmək lazımdır. Turizm və hotel sahəsi üçün kitabların nəşrini stimullaşdırmaq da günün vacib tələbidir. Hazırda gündəmdə olan əsas məsələlərdən biri də turizm müəssisələrində ixtisaslı kadrların çalışmasıdır. Şimal-qərb regionlarında bu məsələyə xüsusi önəm verilir. Digər regionlarımızda da bu sahənin inkişafı ümumi işin xeyrinə olardı”.
M.Ağakərimovun qənaətinə görə, Azərbaycana daha çox turist cəlb edən turizm şirkətlərinin fəaliyyətini stimullaşdırmaq üçün bir sıra tədbirlər görülməlidir: «Bu bir tərəfdən onları daha effektiv işləməyə sövq edər, digər tərəfdən isə turizm şirkətləri arasında rəqabət yaradar. Eyni zamanda Azərbaycanın musiqisini, mətbəxini, suvenirlərini və çap məhsullarını təbliğ edən, gələn qonaqlara yüksək səviyyədə xidmət göstərən hotellərin mükafatlandırılması da yaxşı olardı».
Həmsöhbətimiz 2012-ci ildə ölkəmizdə keçiriləcək «Eurovision» mahnı müsabiqəsinə qədər Bakı, Abşeron və Sumqayıt şəhərində fəaliyyət göstərən bütün hotellərdə ciddi monitorinqlərin aparılmasını da vacib hesab edir: “Lisenziyasız fəaliyyət göstərən hotellərin işinə müvafiq dövlət orqanları tərəfindən nəzarətin gücləndirilməsi vacibdir. Xüsusilə kadr məsələlərinə diqqət yetirilməlidir. Çünki lisenziyasız mehmanxana gələn qonağa lazımi səviyyədə xidmət göstərə bilməz”.
M.Ağakərimov söhbət əsnasında təmsil etdiyi qurumun gələcəkdə həyata keçirəcəyi layihələrdən də danışdı: «Assosiasiya öz səlahiyyətləri daxilində turizmin inkişafı istiqamətində nə lazımdırsa, onu edir. Ukraynaya infotur təşkil etmişik, yaxın günlərdə kütləvi informasiya vasitələri və turizm şirkətlərinin əməkdaşlarının iştirakı ilə Özbəkistana səfər təşkil edəcəyik. Gələcək layihələrimizdə Polşaya, Baltikyanı respublikalara belə infoturların təşkili nəzərdə tutulub. Məqsəd Azərbaycanın turizm şirkətləri ilə həmin ölkələrin eyni istiqamətdə fəaliyyət göstərən şirkətləri və qurumları ilə yaxından əməkdaşlıq əlaqələrinin qurulması, həmin ölkələrdən Azərbaycana çoxsaylı turistlərin gəlməsinə nail olmaqdır».
Fəxriyyə Abdullayeva