Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən “Muzeyi peşəkardan öyrənək” layihəsi həyata keçirilir. Aprel ayından reallaşdırılan layihənin məqsədi regionlardakı muzeylərin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmaqdan ibarətdir. Artıq layihə çərçivəsində Gəncə və Şəkidə təlim-seminarlar keçirilib.
Növbəti təlimin ünvanı Lənkəran olub. 17-18 iyun tarixlərində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz Mira Məmmədxanova tərəfindən “Muzey sahəsində müasir çağırışlar”, “Fond və mühafizə işi”, “Dünya muzeyləri” mövzuları üzrə təlim-seminarlar təşkil olunub.
Şirin Məlikova Azərbaycan Milli Xalça Muzeyinin təcrübəsinə əsasən, “Muzey menecmenti”, “Muzeydə təhsil proqramları” mövzularında, həmçinin Avropa Muzey Forumu tərəfindən ənənəvi olaraq hər il keçirilən “Avropada ilin muzeyi” (EMYA – European Museum of the Year Award) müsabiqəsinin 2022-ci il üzrə qalibləri barədə çıxış edib. Direktor “Avropanın ən yaxşı muzeyi – 2018” müsabiqəsində Azərbaycan Milli Xalça Muzeyinin “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatına layiq görüldüyünü diqqətə çatdırıb. O, həmçinin iştirakçılar üçün “Bir eksponatın təqdimatı” adlı ustad dərsi və müxtəlif mövzular üzrə sorğular keçirib.
Baş mühafiz Mira Məmmədxanova isə “Fond işi”, “Muzey əşyalarının təxliyə qaydaları” mövzuları üzrə çıxış edib.
Layihədə Lənkəran, Lerik və Astara rayonlarının Heydər Əliyev mərkəzlərinin, ev, xatirə və tarix-diyarşünaslıq muzeylərinin, rəsm qalereyalarının rəhbərləri, baş fond mühafizləri, həmçinin digər muzey mütəxəssisləri olmaqla 47 nəfər iştirak edib. İştirakçılar üçün maraqlı və səmərəli keçən təlim-seminarlarda onların sualları cavablandırılıb, mövcud problemlər haqqında fikir mübadiləsi aparılıb. Fond və ekspozisiya işinin səmərəli və müasir tələblərə uyğun təşkili barədə tövsiyələr verilib.