20-21 iyun tarixlərində Ankarada CENL – Avropa Milli Kitabxanaları Konfransının (The Conference of European National Librarians) 36-cı illik iclası keçirilib. Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iclasda iştirak edib.

CENL Avropa Şurasına üzv olan ölkələrin milli kitabxanalarını birləşdirən təşkilatdır. 1987-ci ildə təsis edilən qurumda hazırda 45 ölkə təmsil olunur. Hər il fərqli bir ölkədə keçirilən CENL-in illik iclasına bu il Türkiyə ev sahibliyi edir.

Türkiyə Prezident Kitabxanasında keçirilən iclası CENL sədri Frank Şoltse (Scholze) açaraq tədbirin yüksək səviyyədə təşkil edilməsində əməyi keçən bütün heyətə təşəkkürünü bildirib.

Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb.

Sonra 2021-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilən 35-ci iclasın protokolu və CENL-in illik hesabatı müzakirə edilib. Qurumun maliyyə hesabatı və növbəti il üçün büdcəsi müzakirə edilərək qəbul olunub.

Sonra Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyası – İFLA-nın (The International Federation of Library Associations and Institution) prezidenti Barbara Lison “Milli kitabxanaların cəmiyyət üçün aktuallığı” mövzusunda çıxış edib.

Həmçinin Vernadski adına Ukrayna Milli Kitabxanası, Monteneqro Milli Kitabxanası, Çex Respublikası Milli Kitabxanası və Lüksemburq Milli Kitabxanası nümayəndələrinin çıxışları dinlənilib.

Birinci iş gününün sonunda iclas iştirakçıları xatirə fotosu çəkdirib.

İclasın ikinci iş günündə çıxışlar davam edib, gündəlik üzrə digər məsələlərə baxılıb. Növbəti CENL iclasının gələn il Fransa Milli Kitabxanasında keçirilməsi qərara alınıb.

***

36-cı CENL iclasında iştirak edən Milli Kitabxananın direktoru Kərim Tahirov IFLA-nın prezidenti Barbara Lison ilə görüşüb. Görüş zamanı Kərim Tahirov otuz ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarının 2020-ci ildə azad edildiyini diqqətə çatdıraraq, azad olunmuş ərazilərdəki tarixi abidələrin, mədəniyyət müəssisələrinin dağıdılmasından danışıb. Bildirib ki, həmin ərazilərdə vaxtilə mövcud olan 975 kitabxana ümumilikdə 4,6 milyon nüsxə kitab fondları ilə birlikdə tamamilə məhv edilib.

Milli Kitabxananın direktoru bildirib ki, 2020-ci ilin dekabr ayında işğaldan azad olunan 10 rayonun kitabxana direktorları adından IFLA-nın o vaxtkı prezidenti Christine Mackenziyə məktubla müraciət edərək bu regionlardakı vəziyyəti yerində dəyərləndirmək üçün missiya göndərilməsini xahiş edib. Lakin, təəssüf ki, bu xahişə indiyədək cavab alınmayıb.

Bu səbəbdən Kərim Tahirov IFLA-nın yeni rəhbəri Barbara Lisona müraciət edərək, belə bir missiya təşkil edilməsini təkrarən xahiş edib.

Kərim Tahirov xanım Barbara Lisonu bu ilin oktyabrında keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək və işğaldan azad olunmuş ərazilərə baş çəkmək üçün dəvət edib. Qeyd olunub ki,  bir zamanlar işğala məruz qalan ölkə olaraq Azərbaycan hər cür müharibəni və işğalı qətiyyətlə qınayır, İFLA  və digər beynəlxalq təşkilatların da belə hallara ciddi münasibət bildirməsi çox vacibdir. İFLA prezidenti dəvəti qəbul etdiyini bildirərək, belə hadisələrdən çox təəssüfləndiyini qeyd edib.