Dünya üzrə aviadaşıyıcılar və aeroportlar tərəfindən təqdim edilən xidmətlərin keyfiyyəti ilə bağlı davamlı tədqiqatlar aparan “SkyTrax” statistika şirkəti (Böyük Britaniya) növbəti reytinq siyahısını təqdim edib.
“Turister” saytında yayımlanan siyahıda birinci yeri Qətərin Doha şəhərindəki Hamad aeroportu tutur. “Qatar Airways” aviadaşıyıcısının daimi məkanı ikinci ildir reytinq siyahısında ilk yeri qazanır.
Ondan əvvəl 8 il ərzində reytinq siyahısında birinci olmuş Sinqapurun Çanqi hava limanı üçüncü yerdədir. Çanqi hava limanı “Singapore Airlines”, “Jetstar Asia Airways”, “Scoot” və “SilkAir” aviadaşıyıcıları üçün hab rolu oynayır.
Budəfəki siyahıda ikinci yeri isə Tokionun (Yaponiya) Haneda aeroportu tutur. O, “Dünyada ən təmiz aeroport” və “Asiyada ən yaxşı aeroport” nominasiyalarında qalib gəlib. Liderlərin ilk beşliyində 5-10 milyon sərnişinə xidmət edən ən yaxşı aeroport hesab edilmiş Narita (Yaponiya) və İnçxon (Cənubi Koreya) beynəlxalq hava limanları da var.
Reytinqdə ikinci beşlikdə Parisdəki Şarl de Qoll adına hava limanı, Münxen (Almaniya), İstanbul (yeni aeroport), Sürix (İsveçrə) və Osaka (Yaponiya) hava limanları var.
...və ən yaşamalı şəhərləri
Pandemiya tədbirlərinin yumşaldılmasından sonra Avstriyanın paytaxtı Vyana şəhəri yenidən dünyanın ən yaşamalı şəhərləri siyahısında birinciliyi qazanıb. Müvafiq renkinqi Böyük Britaniyanın “The Economist” jurnalı tərtib edib.
Ötən il 12-ci yerə düşən Vyana bu il birinci pilləyə yüksəlib. İlk beşlikdə sonrakı yerləri Kopenhagen (Danimarka), Sürix (İsveçrə), Kalqari, Vankuver (hər ikisi Kanada) şəhərləri tutub. Növbəti beşlikdə Cenevrə (İsveçrə), Frankfurt (Almaniya), Toronto (Kanada), Amsterdam (Niderland) və Osaka (Yaponiya) şəhərləri yer alıb.
Avropa şəhərlərinin ötən il renkinqdə aşağı göstəriciləri pandemiya ilə əlaqədar məhdudiyyətlərin həyat keyfiyyətinə sirayət etməsi ilə əlaqədar olub. 2021-ci ildə siyahıya Yeni Zelandiyanın Oklend şəhəri liderlik edib. Məhdudiyyətlərin aradan qaldırılması ilə Yeni Zelandiya, Avstraliya və Çin şəhərləri siyahıda liderliyi əldən veriblər.
“The Economist” həftəliyinin ənənəvi olaraq hazırladığı renkinqdə dünyanın 140 şəhəri üzrə dəyərləndirmə aparılır. Renkinqdə səhiyyə sistemi, təhsil, mədəniyyət və infrastruktur kateqoriyaları üzrə şəhərlər müqayisə edilir, eləcə də sosial təminat, siyasi sabitlik və ya ictimai asayişin səviyyəsi nəzərə alınır.