Oktyabrın 26-da Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində «Şahdağ» yay-qış turizm istirahət kompleksi ilə bağlı toplantı keçirilib. Görüşdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsi müdirinin müavini Mahir Qəhrəmanov, KohL&Partner (Hotel & Tourism Consulting), İMG (sports-entertainment-media) və PK&Partner (Hotel Specialists) təşkilatlarının ekspertləri və Azərbaycanda fəaliyyət göstərən fəal turizm şirkətlərinin rəhbərləri iştirak ediblər.
Toplantıda Azərbaycanda son illər turizmin inkişafı, daha çox hansı xarici ölkələrdən turistlərin gəlməsi, bölgələrdə, xüsusilə şimal rayonlarında infrastrukturun qurulması və s. məsələlər müzakirə olunub. «Şahdağ» yay-qış turizm istirahət kompleksi layihəsinin menecment planını və Azərbaycanda turizmin inkişafının bölgələr üzrə strategiyasını hazırlayan KohL&Partner, İMG və PK&Partner təşkilatlarının ekspertləri turizm şirkətlərinin rəhbərlərinin layihə ilə bağlı fikir və təkliflərini öyrəniblər.
Görüşdə Azərbaycanda fəaliyyət göstərən «Millenium turizm», «İmprotex travel», «Bakı tur», «Dərviş travel», «Caspian travel», «Gilan turizm», «Geo travel» turizm şirkətlərinin rəhbərləri iştirak edib.
Fəxriyyə Abdullayeva