Natəvanın 190 illiyinə həsr olunan elmi konfrans

 

İyunun 21-də AMEA Folklor İnstitutunda Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasının 190 illiyi münasibətilə “Qarabağın qadın aşıq və şairləri” mövzusunda elmi konfrans keçirilib.

Konfransı institutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb.

İnstitutun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru Leyla Məmmədovanın “Xurşidbanu Natəvanın qəzəllərində klassik və müasir ənənələr” və Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mətanət Abbasovanın “Qarabağın qadın şairləri poeziya və siyasət müstəvisində” mövzusunda məruzələri dinlənilib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Xurşidbanu Natəvanın yaradıcılığında ictimai-fəlsəfi məsələlər”, Folklor İnstitutunun böyük elmi işçisi Qumru Şəhriyar “XIX əsrdə Qarabağ ədəbi mühitində yetişən üç qadın sənətkar”, DİN-in Polis Akademiyasının əməkdaşı Aynur Səfərli “Qarabağın ilk qüdrətli qadın aşığı – Aşıq Pəri Maralyanlı”, Gəncə Dövlət Universitetinin doktorantı Ramilə Süleymanova “Şuşa poeziya məktəbinin görkəmli nümayəndəsi – Fatma xanım Kəminə”, Folklor İnstitutunun dissertantı Zülfiyyə Məmmədhüseynova “XIX əsr Qarabağ ədəbi mühitinin aparıcı qadın nümayəndələri” və həmin institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə “Xurşidbanu Natəvan poeziyasında vahid Allah inancı (folklor və yazılı ədəbiyyat konteksti)” mövzularında məruzələr ediblər.