Mütəxəssislər turizmdə mövsümiliyin aradan qaldırılması üçün müxtəlif təkliflər irəli sürürlər
   
   Son vaxtlar Azərbaycanın turizm sektoru təmsilçilərinin müzakirə etdiyi əsas mövzulardan biri də ölkədə turizm mövsümü günlərinin sayının az olmasıdır. Aparılan təhlillərin nəticələrinə görə, bu il yay turizm mövsümündə Azərbaycanın turizm obyektlərinə turist axını 50 gün təşkil edib. Mütəxəssislərin fikrincə, mövsüm günlərinin sayının az olması bu sahədə daha yüksək nəticə əldə edilməsini, turist sayının artırılmasını önləyən amillərdəndir.
   
   Təsadüfi deyil ki, turizmin geniş inkişaf etdiyi ölkələrin əksəriyyətində turizm mövsümi xarakterli deyil, demək olar ki, ilboyu mövcuddur. Bu günlərdə ölkəmizə səfər edən Şimali Kipr Beynəlxalq Universitetinin rektoru Mehmet Əli Yüksələn bizimlə söhbətində bu məqama toxundu: «Mənim fikrimcə, hotellərdə xidmətin səviyyəsinin yüksəldilməsinə və turistlərə vaxtlarını mənalı keçirmələri üçün əlavə proqramların tərtib edilməsinə ehtiyac var. Eyni zamanda, mövsüm günlərinin sayının artırılması üçün ciddi işlər görülməlidir. Şimali Kiprdə turizm mövsümü cəmi 4-5 ay idi. İndi biz bunu 7-8 aya çatdırmışıq. Bunun üçün qış aylarında konqres turizmi tətbiq edirik. Hotellər boş olduğu dönəmlərdə universitetlər özlərinin beynəlxalq tədbirlərini burada keçirirlər. Bu həm bizə, həm də hotel sahiblərinə sərf edir. Çünki hotellər bunun üçün universitetlərə yarı qiymət təklif edirlər. Sizdə də mövsümü günlərin sayını artırmaq üçün mütəxəssislər müxtəlif üsullar fikirləşməlidir».
   
   Müalicə turizmi mövsümün davamlılığını təmin edən vasitədir
   
   Mövzu ilə bağlı söhbətləşdiyimiz digər ekspertlər də ölkəmizdə mövsüm günlərinin sayının artırılması üçün müxtəlif yolların mövcudluğunu söylədilər. «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyevin fikrincə, Azərbaycanın şimal bölgəsində inşa edilən «Şahdağ» qış-yay turizm kompleksi layihəsinin həyata keçirilməsi ölkədə turizmin mövsümiliyinin aradan qaldırılmasına xidmət edir. Şirkət rəhbərinin sözlərinə görə, hazırda Azərbaycanın turizm sektoru təmsilçilərinin əsas hədəflərindən biri də ölkədə ilboyu turizmin təmin edilməsidir: «Burada da önəmli olan təbii ki, sentyabrdan sonrakı müddətdə, qış fəslində kurortlara, istirahət mərkəzlərinə turistlərin cəlb olunmasını təmin etməkdir. Kadr hazırlığı ilə bağlı bəlli bir keyfiyyəti ortaya qoya bilsək, bu istirahət mərkəzlərinə insanları cəlb edə biləcəyik».
   R.Quliyev bildirdi ki, mövsüm günlərinin sayının artmasına xidmət edən addımlardan biri ayrı-ayrı turizm növlərinin inkişafını təmin etməkdir: «Bu sırada müalicə turizmini xüsusilə qeyd etmək lazımdır. Çünki müalicə mövsümə baxmır. Əgər bir insana Naftalanda və ya Düzdağda müalicə lazımdırsa, onun üçün yayın, qışın fərqi yoxdur. Bu baxımdan müalicə turizmini turizmin davamlılığını təmin edən vasitə hesab etmək olar. Bundan əlavə, Bakıda və Abşeronda işgüzar turizm 12 ay aktuallığını daşıyır».
   
   Sahibkarlar menecmentin üsullarını düzgün tətbiq etməyi bacarmalıdır
   
   Onu da qeyd edək ki, bəzi turizm istirahət mərkəzlərinin rəhbərləri qiymətlərdəki bahalığı da qismən mövsüm günlərinin sayının azlığı ilə izah edirlər. Onlar bildirirlər ki, 3 ay işləyib 9 ay işçiyə əməkhaqqı ödəyə bilmirlər. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə deyir ki, bu məsələ qiymətlərə cüzi təsir edir. Sadəcə, istirahət mərkəzləri öz işlərini düzgün qura bilmirlər: «Axı turizm yalnız yay mövsümündən ibarət deyil. Digər mövsümlərdə də insanlar istirahət etmək istəyirlər. Bizim istirahət mərkəzləri yayda təklif etdikləri qiyməti qışda, payızda da təklif edirlər. Təbii ki, bu halda turist həmin məkanlara gəlməyəcək. Burada məsələyə optimal yanaşma olmalıdır. Turizm müəssisələri boş qalıb işçiyə öz ciblərindən pul verməyə razılaşırlar, amma xidmətlərini ucuz qiymətə təklif etmirlər. Əgər yay mövsümündə turizm obyektində gündə 100 faiz dolum varsa, payızda elə etmək olar ki, bu rəqəm heç olmasa, 50 faiz, qışda 30-40 faiz olsun ki, işçilərinin böyük hissəsini saxlaya bilsinlər. Bunun da müxtəlif yolları var. Düzgün aparılan menecment, qiymətlərin və endirimlərin təsnifatlaşdırılması turizm obyektinin ilboyu işləməsinin əsas şərtidir. Obyekt sahibi oturub hesablamalıdır ki, həftə içi nə qədər turist gəlir, həftə sonu nə qədər gəlir. Həftə sonlarında qiymətlər bir az qaldırıla bilər.Bu baxımdan deyirəm ki, sahibkarlar menecmentin üsullarını düzgün tətbiq etməyi bacarmalıdır».
   Həmsöhbətimizin fikrincə, Azərbaycanda turizm mövsümünün uzadılması üçün çox gözəl şərait mövcuddur: “Azərbaycanda 9 iqlim qurşağı var. Bakı və Abşeron yarımadasında ilin 250 günü günəşli olur. Bundan səmərəli və keyfiyyətli istifadə etmək lazımdır».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar