26 iyun dünyada “Narkоmaniyaya və narkоbiznеsə qarşı beynəlxalq mübarizə günü” (International Day against Drug Abuse and Illicit Trafficking) kimi qeyd olunur.

Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT tərəfindən (BMT Baş Assambleyasının 7 dekabr 1987-ci il tarixli qətnaməsi) belə bir gün təsis olunub.

Narkotik vasitələrdən istifadə şəxsiyyətinin deqradasiyasına, müxtəlif cinayətlər törətməsinə, həmçinin cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan dünya dövlətləri narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını təkmilləşdirir, beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.

Azərbaycanda da bu istiqamətdə müvafiq dövlət proqramı icra olunur, zəruri tədbirlər, o cümlədən maarifləndirmə işləri həyata keçirilir.

“Narkоmaniyaya və narkоbiznеsə qarşı beynəlxalq mübarizə günü” münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Link: http://anl.az/el/vsb/Narkomaniyaya_qarsi_Mubarize_Gunu/index.htm