Çay turizminin inkişafı üçün böyük imkanlar var
   
   Noyabrın 1-də Azərbaycanda Regional İnkişaf Mərkəzi tərəfindən “Azərbaycanda qeyri-ənənəvi turizm sahələrinin inkişafı” mövzusunda təqdimat keçirilib. Tədbirdə qeyri-neft sektorunun, turizmin, əsasən də qeyri-ənənəvi turizm sahələrinin inkişafı yolları müzakirə olunub.
   
   Tədbirdə çıxış edən Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov bildirib ki, Dünya İqtisadi Forumunun hazırladığı rəqabətliliyin reytinq cədvəlinə əsasən Azərbaycan MDB-də 3-cü, dünyanın 189 ölkəsi arasında isə 83-cüdür: «Azərbaycanda turizmin qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilə bilməsi üçün böyük potensial mövcuddur. Hazırda kifayət qədər iri turizm layihələri reallaşdırılır. “Şahdağ” qış-yay turizm kompleksi indiyədək bu sahədə həyata keçirilən ən böyük layihədir. Azərbaycan ənənəvi turizmin inkişafı üçün zəngin potensiala malikdir, amma əsas məsələ bu potensialdan necə istifadə etməyimizdir”.
   Ç.İsmayılovun sözlərinə görə, ölkədə çay turizminin inkişafı üçün böyük imkanlar var: “Kür çayının Azərbaycan ərazisində 400-500 kilometri çay turizmi üçün yararlıdır. Ancaq bundan istifadə olunmur. Halbuki bu, Aran bölgəsində bir çox problemlərin həllinə səbəb olar. Çay turizmi bu regionda məşğulluğun artması, balıqçılığın inkişafı, eyni zamanda Kürün lildən tutulmaması üçün əla vasitədir”.
   Mütəxəssis eyni zamanda ada turizminin inkişaf perspektivlərindən və vacibliyindən danışıb. Qeyd edib ki, turizmin istənilən sahəsində uğura nail olmaq üçün böyük layihələrdən daha çox kiçik və orta sahibkarlığın inkişafı əlverişlidir.
   Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov deyib ki, turizm Azərbaycanda hələ ötən əsrin sonlarında inkişaf edib, sadəcə, iqtisadi əhəmiyyət daşımayıb: «Burada pul qazanmaqdan çox sovet insanının rahat şəraitdə istirahət etməsi nəzərdə tutulub. İndi artıq bütün dünyada turizm gəlirli bir sahəyə çevrilib. Azərbaycanda qeyri-ənənəvi turizm sahələrinin inkişaf etməsi üçün mövcud potensialdan yararlanmaq vacibdir».
   
   F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar