Rəhman Oruclu: «Bəzi turizm şirkətləri hətta statistik məlumatları da vaxtlı-vaxtında təqdim etmirlər»
   
   Xəbər verdiyimiz kimi, bugünlərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iki obyektin - Qəbələ rayonundakı “Sahil” istirahət mərkəzi və Lənkərandakı “Xəzər” mehmanxanasının lisenziyası ləğv edilib. Nazirlik bundan öncə də qanunvericiliyin tələblərinə cavab verməyən turizm müəssisələrinə qarşı analoji qərarlar qəbul etmişdi.
   
   Turizm obyekti və ya mehmanxananın lisenziyası hansı hallarda ləğv oluna bilər? Lisenziyasız fəaliyyət göstərən obyektlərlə bağlı qanunvericilikdə nə kimi cəza tədbirləri nəzərdə tutulur? Bu və ya digər suallarla Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Orucluya müraciət etdik.
   Həmsöhbətimiz bildirdi ki, ölkəmizdə turizm sahəsinin sürətli inkişafı sayəsində bu sahədə yeni müəssisələrin sayı da ilbəil artır: “Lakin təəssüf ki, bu müəssisələr arasında turistlərə normal xidmət göstərə bilməyən obyektlər də var. Mədəniyyət və Turizm Nazirliyində yaradılan monitorinq komissiyası mütəmadi olaraq bölgələrimizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə turist xidməti qiymətlərini və xidmətin keyfiyyətini nəzərdən keçirir. Bu il də əməkdaşlarımız müxtəlif pegionlara ezam olundular. Məlum oldu ki, müasir tələblərə cavab verən obyektlərlə yanaşı, hətta elementar tələblərə cavab verə bilməyən obyektlər də var. Qəbələ rayonunda fəaliyyət göstərən «Sahil» istirahət mərkəzi və Lənkəran şəhərindəki «Xəzər» mehmanxanasına keçirilən baxış zamanı məlum oldu ki, hər iki obyekt ən elementar tələblərə belə cavab vermir. Hazırlanan arayışda bu məqamlar qeyd edildi və həmin obyektlərin lisenziyalarının ləğv edilməsi ilə bağlı məsələ qaldırıldı. Nəticədə sentyabrın 27-də nazirliyin kollegiyasının qərarı ilə həmin obyektlərin lisenziyası ləğv edildi».
   R.Oruclunun sözlərinə görə, qeyd edilən obyektlər “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 5.4.5. bəndinin (istehlakçıların hüquqlarının pozulması) tələblərini pozublar: “Bu sahədə işlər gələcəkdə də davam edəcək və qanun pozuntusuna yol verən obyektlərlə bağlı müvafiq qərar qəbul ediləcək».
   Sektor müdiri qeyd etdi ki, bu qayda turizm şirkətlərinə da aiddir: «Bəzi turizm şirkətləri qanunvericiliyə əməl etmirlər. Məsələn, «Statistika haqqında» qanunun 11-ci maddəsinə görə, Azərbaycan Respublikası ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər dövlət müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş qaydada Statistika Komitəsinin yerli orqanlarına verməlidirlər. Lakin təəssüflər olsun ki, bəzi turizm şirkətləri həmin statistik məlumatları vaxtlı-vaxtında və yaxud da ümumiyyətlə vermirlər».
   Həmsöhbətimiz qeyd etdi ki, mehmanxana və ya mehmanxana tipli obyekt və turizm şirkətinin lisenziyasız fəaliyyət göstərməsi halları aşkarlandıqda da müəyyən tədbirlər görülür. Belə obyektlərə əsasən regionlarda rast gəlinir: «Onların haqqında müvafiq qurumlara, o cümlədən Vergilər Nazirliyinə lazımi məlumatlar verilir. Bundan sonra Vergilər Nazirliyi qanunvericiliyin tələblərinə uyğun olaraq həmin obyektlərlə bağlı ölçü götürür». 
   

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar