İsveçdə bütpərəstlikdən qalan bayram pandemiyadan sonra yenidən qeyd olunub

 

İsveçdə ilin əsas bayramlarından biri “Midsommar” – yay gündönümü günüdür. Bütpərəstlik dövründən qalan bayram təqvim üzrə yay fəslinin başlamasından sonrakı cümə-şənbə günlərində (o cümlədən ilin ən qısa gecələri) keçirilir.

Ənənəvi bayram pandemiya ilə bağlı ikiillik aradan sonra 24-25 iyun tarixlərində qeyd edilib.

İsveçlilər üçün “Midsommar” Milad bayramı qədər böyük məna daşıyır. Bütpərəstlik kökləri olan bayram münasibətilə ölkədə qeyri-iş günləri elan edilir. İsveçlilər bu günləri adətən ailə üzvləri ilə birlikdə şəhərdən kənarda və ya parklarda bayram tədbirlərində keçirirlər.

Bu il bayram Stokholmda açıq səma altında “Skansen” etnoqrafik muzeyində baş tutub. Ənənəyə görə, tədbir bayramın əsas rəmzinin – uzun bayram şüvülünün insanlar tərəfindən çiçəklər və otlarla bəzədilməsi ilə başlanıb. Sonra böyüklər onu qaldırıblar və açıq ərazidə yerləşdiriblər. Tədbir bayram yarmarkası, habelə xalq mahnıları və rəqslərlə davam edib.

Qeyd edək ki, yay gündönümü günləri Şimali Avropa ölkələrində müxtəlif adlarla qeyd edilir.