Xəbər verildiyi kimi, 26-30 iyun tarixində Polşanın Katovitse şəhərində Dünya Şəhər Forumunun (World Urban Forum – WUF) “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası keçirilib. Sessiya çərçivəsində açılan “Urban Expo” sərgisində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri də təqdim olunub.

Katovitse Beynəlxalq Konqres Mərkəzində təşkil olunan sərgidəki stendimizdə həmçinin Azərbaycanın müasir şəhərsalma sahəsində təcrübəsi, ölkənin turizm potensialına dair videoçarxlar, məlumatlandırıcı broşür və kitablar nümayiş etdirilir. Stend Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanıb.

BMT-nin Məskunlaşma Proqramının (UN HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif sessiya çərçivəsində Azərbaycan stendinə baş çəkib, nümayiş olunan materiallara, Qarabağda aparılan quruculuq işlərinə dair videoçarxa baxıb. O, sessiyada və sərgidə fəal iştirakına görə Azərbaycan tərəfinə təşəkkür edib.

Stenddə erməni işğalının dağıdıcı nəticələrini əks etdirən videoçarx da nümayiş olunub,  ziyarətçilərə bu ərazilərdə aparılan tikinti və bərpa işləri barədə məlumat verilib. Dünya Şəhər Forumu sessiyasının iştirakçıları tərəfindən maraqla qarşılanan stenddə Azərbaycan kulinariya nümunələri və digər milli məhsullar da təqdim olunub.