AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov qədim Qəbələ şəhərinin Səlbir və Qala ərazilərində olub.
İnstitutdan bildirilib ki, Səlbir ərazisində Azərbaycan arxeoloqlarının, həmçinin Azərbaycan-Koreya beynəlxalq arxeoloji ekspedisiyasının 2009-2019-cu illər ərzində aşkara çıxardıqları Antik və İlk Orta əsrlər dövrünə aid tikili qalıqları, müdafiə divarları, istehsalat və məişət qurğuları, qəbirlər və şəhərin su təchizatı sisteminə baxış keçirilib.
Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri, dosent Ceyhun Eminli və Azərbaycan-Koreya beynəlxalq arxeoloji ekspedisiyası Koreya heyətinin rəhbəri, professor Kim Jonq İl ərazidə aparılan tədqiqatlar haqqında geniş məlumat verib və gələcəkdə nəzərdə tutulan tədqiqatlar barədə fikir mübadiləsi aparıblar.
Abbas Seyidov arxeoloji araşdırmaların nəticələrini müsbət qiymətləndirib və gələcəkdə görüləcək işlərə institut tərəfindən dəstəyin veriləcəyini bildirib.
Qeyd edək ki, 2009-2019-cu illər ərzində Səlbir ərazisində 5 min kvadratmetrdən artıq ərazidə arxeoloji tədqiqatlar aparılıb və 2 min kvadratmetrdən artıq ərazi konservasiya edilib.
Qədim Qəbələ şəhərinin Çaqqallı, Səlbir və Qala, həmçinin ətrafda olan Kamal təpəsi, Şəhidlər qəbiristanlığı, Bayır şəhər kimi digər arxeoloji sahələr də daxil olmaqla, ümumilikdə 430 hektardan artıq ərazi keçən əsrin 70-ci illərində qoruq kimi qeydə alınıb. Hazırda ərazi Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun nəzdində dövlət tərəfindən mühafizə olunur.