Azərbaycan Dövlət Akademik Musiqili Teatrının gənc balet artisti, Vətən müharibəsinin könüllü əsgəri Murad Ağayev Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Şuşada keçirilən tədbirdə iştirak edib.

Füzulidən Şuşayadək döyüş yolu keçmiş, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş M.Ağayev mədəniyyət işçilərinə iştirakçısı olduğu döyüş yerlərini göstərib, xatirələrini bölüşüb.

“44 günlük Zəfər tariximizdən sonra ilk dəfə Şuşa torpağına ayaq basıram. Bu torpağın hər qarışı əzizdir. Bu barədə danışmaq o qədər də asan deyil. Haqq-ədalət savaşımızda döyüş yoldaşlarımı itirdim. Nə qədər ağır və çətin günlər yaşasaq da, o günlər şərəfli idi. İndi o anlar kino lenti kimi göz önümdən keçir… Musiqili Teatrın işıqçısı Əliağa Məmmədov daxil olmaqla, Zəfər tariximizi yazan bütün şəhidlərimizlə qürur duyuram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin...” – deyə o bildirib.

Bakı Xoreoqrafiya Akademiyasında təhsil almış Murad Ağayev 2015-ci ildən Akademik Musiqili Teatrda çalışır. Teatrın repertuarında olan əksər tamaşalarda iştirak edib. Vətən müharibəsindən qayıtdıqdan sonra teatrda ona baletmeyster assistenti vəzifəsinin icrası da həvalə olunub.