Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) Xocavənd rayonu üzrə nümayəndəsi, şair, esseist, ədəbiyyatşünas Ramil Əhmədin "Abşeron yarımadamı" şeirlər kitabı çapdan çıxıb.

“LİBRAFF” kitab mağazasında yeni nəşrin təqdimat və imza günü keçirilib.

Tədbirdə çıxış edən ədəbi tənqidçi, professor Cavanşir Yusifli deyib ki, Ramil Əhmədin şeirlərində səs-küy azdır, müəllifin pıçıltısı eşidilir. O, ən adi detalları ustalıqla bədii tapıntıya çevirməyi bacarır.

Kitabın redaktoru, şair Aqşin Yenisey bildirib müəllif bu kitabla Azərbaycan poeziyasında yeni cığır açıb və oxucuları poeziya ilə doğmalaşdırıb.

Kürdəmir RMİ-nin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı, şair, esseist Fərid Hüseyn və başqa çıxış edənlər kitabda yer alan şeirlərin ideya-bədii məziyyətləri haqqında söz açıblar.

Sonra Ramil Əhməd bir neçə şeirini söyləyib və yeni kitabını oxucular üçün imzalayıb.

 “Abşeron yarımadamı” müəllifin beşinci kitabıdır. Bundan əvvəl müəllifin “Zaman tuneli” (2015), “İki şəhərin yazıları” (2018), “Orxan Pamukun evində” (2021) və “Nizami Gəncəvinin poetik portreti” (2021) kitabları işıq üzü görüb.