Fransanın daha bir nüfuzlu turizm nəşri Azərbaycanın turizm imkanlarına və ölkəmizin paytaxtı Bakı şəhərinə həsr olunmuş geniş məqalə dərc edib. Geniş oxucu auditoriyası olan "La Tribune et Moi" ("Tribuna və Mən") jurnalında "Neft buruqları və nəhəng tikinti meydançaları ilə əhatə olunmuş Azərbaycanın paytaxtı Bakı Qafqazın Dubayı olmağı arzulayır" adlı məqalə işıq üzü görüb.
Fransız jurnalist Berenis Debranın məqaləsində Xəzər dənizi və silsilə dağlar arasında, Avropa ölkələri ilə ticarət və mədəni əlaqələrin inkişafında xüsusi rol oynamış qədim İpək yolu üzərində yerləşən Abşeron yarımadasında "qara qızıl"ın tapılması və Azərbaycana məxsus bu sərvətin uzun illər bolşeviklər tərəfindən istismar edilməsi barədə məlumat verilir. Qeyd olunur ki, keçmiş SSRİ-nin süqutundan ötən 20 ildə Bakı yeni üfüqlərə nəzər salır, sürətlə inkişaf edərək yaxın zamanlarda Qafqazın Dubayı olmağı arzulayır.
Zəngin neft və qaz ehtiyatları hesabına Bakının getdikcə müasir görkəm aldığı, Avropa standartlarına uyğun, bir-birindən yaraşıqlı və rahat hotellərin istifadəyə verildiyi, bəzilərinin isə tikildiyi diqqətə çatdırılır.
Məqalədə həmçinin Azərbaycanın böyük turizm potensialından, "küləklər şəhəri" adlandırılan Bakının yerli əhali arasında "Torqovı" kimi tanınan Nizami küçəsindən, şəhərin XIX və XX əsrlərə aid zəngin arxitektura binalarından, Nobel qardaşları və Rotşild kimi məşhur neft maqnatlarının fəaliyyətindən, Bakının incisi qədim Qız qalasından, İçərişəhərdən, Şirvanşahlar sarayından və Hacı Zeynalabdin Tağıyevin mülkündən ətraflı bəhs edilir. Müəllif Bakıya xüsusi yaraşıq verən Qız qalası ilə bağlı rəvayətlər barədə də fransız oxuculara məlumat verir.
Məqalədə Bakıda fəaliyyət göstərən beşulduzlu mehmanxanaların sırasına yenilərinin də əlavə ediləcəyi bildirilir, paytaxtımızdakı dünya şöhrətli mağazaların, məşhur restoranların fəaliyyətindən söhbət açılır, bakılıların sevimli istirahət yeri olan Dənizkənarı Milli Park şəhərin ürəyinə bənzədilir. Qeyd olunur ki, Bakıda 2009-cu ildən Müasir İncəsənət Muzeyi fəaliyyət göstərir və yaxın zamanlarda yeni xalça muzeyinin açılması planlaşdırılır. Məqalədə vurğulanır ki, şəhər sürətlə müasirləşərək, sözün əsl mənasında, Qafqazın Dubayına çevrilir.
Müəllif həmçinin xalqımızın qonaqpərvərliyindən, zəngin yerli mətbəxlə yanaşı, Çin, Fransa, Hindistan və digər ölkələrin mətbəxlərinə də rast gəlinməsindən söhbət açır, keçmiş ilə gələcəyi, qədimliklə müasirliyi özündə birləşdirən dünyanın bu əfsanəvi məkanını tanımaq üçün fransız oxucularını Azərbaycana dəvət edir. Fransadan 4 min kilometrlik məsafədə yerləşən bu ölkəyə səyahətin yaddaşlarda əbədi iz buraxacağı xüsusi vurğulanır. Jurnalda məqalə ilə yanaşı, paytaxt Bakının, o cümlədən İçərişəhərin, Nizami küçəsinin, "Muğam klub"un və yeni tikintilərin fotolarına geniş yer verilib.
Fəxriyyə Abdullayeva