Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialında Birinci Qarabağ müharibəsi şəhidi, əslən Cəbrayıldan olan Məhəmməd Xasay oğlu Rüstəmovun xatirəsinə həsr edilən “Şəhidliyə gedən yol” adlı tədbir keçirilib.
Kitabxanadan bildirilib ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Kitabxananın direktoru, şəhid Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva qonaqları salamlayıb, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu vurğulayıb. Kitabxananın əməkdaşı İradə Hüseynova şəhidin döyüş yolundan daşıb, Elmira Aslanxanlının “Qarabağ Azərbaycandır!” şeirini səsləndirib.
Kitabxana nəzdində fəaliyyət göstərən “Səməd Vurğun poeziya ocağı”nın rəhbəri Zərəngiz Mansurova dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısından söhbət açıb, bacısı, Ordunun könüllü döyüşçüsü Vəfa Dəmirçioğlunun xatirəsinə həsr etdiyi “Şəhidim, baş qəhrəmanım” şeirini oxuyub.
Şair-publisist, əslən Cəbrayıldan olan Elmira Aslanxanlı yurdun dağını, daşını da qanları, canları bahasına azad edən şəhidlərimizin tarix yazdıqlarını vurğulayıb, Vətən şəhidlərinə həsr etdiyi “Vətənimin şəhidləri” kitabını kitabxanaya təqdim edib.
YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Azərbaycan Ordusunun Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsindən danışıb”.
Digər çıxış edənlər də qəhrəman şəhidin ömür və döyüş yolundan danışıblar. Bildirilib ki, Məhəmməd Rüstəmov 1969-cu il avqustun 18-də Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1992-ci ildə Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonunun Xələfli kəndi ərazisində hərbi qulluqda olub. Xocalı faciəsindən sonra öz xahişi ilə Qarabağ ərazisində Ağdərə, Daşbaşı və Sur ərazilərində döyüşlərə qoşulub. O, iyulun 3-də Xocavəndin Quşçular kəndi ərazisində şəhid olub.
Anım tədbirində Cəbrayıl rayon Uşaq musiqi məktəbinin kollektivi və rayonun Mehdi Mehdizadə adına tam orta məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonda şəhidin anası Qızbəs Rüstəmova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.