Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 3 nömrəli filialında “Xurşidbanu Natəvan – 190” mövzusunda tədbir keçirilib.

Kitabxana filialının müdiri Arzu Xudayarova çıxış edərək, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycan ədəbiyyatında xüsusi yeri olan söz ustalarından Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyinin qeyd edildiyini bildirib. Vurğulayıb ki, Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı şairənin yaradıcılığında xalqa məhəbbət ruhu aparıcıdır: “Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində olub. 1960-cı ildə Bakıda şairənin heykəli və 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. 44 günlük Vətən müharibəsindən sonra Natəvanın ermənilər tərəfindən vandalizmə məruz qalmış büstü yenidən Şuşamıza qaytarılıb”.

Sonra Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesinin tamaşasından səhnəcik nümayiş olunub. Şagirdlər şairənin şeirlərini söyləyiblər.