30 iyun – 1 iyul tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının 5-ci assambleyası, “Mədəniyyət və mədəniyyət siyasəti böhranlar dövründə” adlı beynəlxalq konfrans və kompendium ekspertlərinin illik görüşü təşkil olunub.
Rumıniyanın Mədəni Tədqiqatlar və Təlimlər üzrə Milli İnstitutu ilə birgə keçirilən tədbirlərdə Mədəniyyət Nazirliyi Strateji inkişaf və layihələrin idarəedilməsi şöbəsinin müdir müavini, Kompendium layihəsinin milli eksperti Yaşar Hüseynli iştirak edib.
Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihəsi 1998-ci ildən etibarən davam etdirilir və ölkələr tərəfindən hazırlanan milli məruzələr və təhlillər layihənin portalında yerləşdirilir (https://www.culturalpolicies.net/database/search-by-country/). Azərbaycan tərəfi bu layihəyə 1999-cu ildə qoşulub. Layihənin təşkilati formatı dəyişdirildikdən sonra Mədəniyyət Nazirliyi 2021-ci ildə nazir Anar Kərimovun təşəbbüsü ilə Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tamhüquqlu üzvlüyünə qəbul olunub.
Mədəniyyət siyasəti sahəsində meyar və standartlar yaratmaq üzrə aparıcı informasiya və monitorinq platforması olan Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının qabaqcıl metodologiyasına əsasən hazırlanan milli məruzələr, müqayisəli təhlillər və statistik hesabatlar hal-hazırda bu sahə üzrə dünyanın ən təfsilatlı və peşəkar istinad mənbəyini təşkil edir. Mədəniyyət siyasətçiləri və idarəçilərindən, incəsənət institutları və şəbəkələrindən, tədqiqatçılar və sənədləşmə mütəxəssislərindən, jurnalistlər və tələbələrdən ibarət geniş auditoriyaya hesablanmış Kompendium məlumat bazası mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycanda gedən mədəni proseslər haqqında obyektiv informasiyanı dünyanın yaradıcı və intellektual ictimaiyyətinə çatdırmaq kimi səmərəli imkanlar yaradır.