İyulun 5-dən etibarən Hökumət Evində (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) yerləşən dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzdə vətəndaşların qəbulu İqtisadiyyat, Energetika, Mədəniyyət və Kənd Təsərrüfatı nazirlikləri, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Ombudsman (İnsan hüquqları üzrə müvəkkil), Əqli Mülkiyyət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul əməkdaşları tərəfindən həyata keçirilir.
Mərkəz Hökumət Evində yerləşən bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır.
Vətəndaşların Qəbulu Mərkəzində müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar fəaliyyət göstərir.
Mərkəzdə qeyd edilən qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də qəbula gələn vətəndaşlara köməklik göstərəcək.